Azərbaycanın I vitse-prezidenti açılışda iştirak edib Hadisə

Azərbaycanın I vitse-prezidenti açılışda iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə Mehriban Əliyevaya məlumat veriblər.
M. Əliyeva korpusun foyesində quraşdırılan "Rəşadətli Azərbaycan Ordusu" adlı stendə baxıb. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb.
Birinci vitse-prezident həmçinin tədris korpusundakı "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"ndə yaradılan şəraitlə maraqlanıb.
M. Əliyeva universitetdəki kiçik səhnə ilə də tanış olub.
Məlumat verilib ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar.
Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən M. Əliyeva universitetə fəaliyyətində uğurlar arzulayıb.