QMİ-nin din xadimləri üçün kurslara başlayıb Hadisə

QMİ-nin din xadimləri üçün kurslara başlayıb

Allahşükür Paşazadə: "Biz işğal olunmuş torpaqlarımızın dərdini çəkməliyik, ancaq bir şuşalı gedib Suriyada ölür"
Səyyad Aran: "Ayrı-ayrı qruplar gənclərimizə fanatizm ruhu aşılamaq istəyir"
Kamal Abdulla: "Dövlətimiz Azərbaycanı parçalamaq istiqamətində fəaliyyətlərə layiqli cavab verəcək"
Vasim Məmmədəliyev: "Şəhidlik statusu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salınsa, Suriyaya gedən olmaz"

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı olub.
APA-nın verdiyi məlumata görə, təkmilləşdirmə kursunun açılışında iştirak edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla din xadimləri üçün yaradan şəraitlə tanış olublar.
Bir ay davam edəcək kursda Azərbaycan müxtəlif bölgələrdən cəlb olunmuş din xadimlərinə İslam Universiteti və Bakı Dövlət Universitetinin müəllimləri dini sahədəki qanunvericilik aktları, milli-mənəvi dəyərlərlə bağlı mühazirə oxuyacaqlar.
Kursda iştirak edən din xadimlərinə sonda sertifikat veriləcək. Bu müddət ərzində din xadimlərinə QMİ tərəfindən məvacib veriləcək, yataq, yemək və digər zəruri tələbatları ödəniləcək.
Bu, QMİ tərəfindən bu istiqamətdə təşkil edilən ilk belə kursudur. Gələcəkdə də belə kurslar davamlı olaraq təşkil ediləcək.
Daha sonra təkmilləşdirmə kursu ilə bağlı konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə öncə şəhidlərə və QMİ Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seydzadəyə rəhmət diləyib.
QMİ sədri bildirib ki, bu günlər Həzrət Əli və Heydər Əliyevin anadan olduğu günlərdir: "Bu insanlar elm üçün böyük işlər görüblər. Heydər Əliyev qurduğu Yeni Azərbaycanda din-dövlət münasibətlərinin əsasını qoyub və bu xətt prezident İlham Əliyev tərəfindən davam etdirilir. Fransa prezidenti Fransua Olland dünən Azərbaycan barədə, ölkəmizin inkişafı barədə xoş sözlər deyirdi. Bununla bərabər, dini sahədə də inkişaf var".
QMİ sədri deyib ki, din xadimləri dövlətin möhkəmlənməsi və dinin inkişafı istiqamətində də işlər görməlidirlər: "Millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bu tədbirdə iştirak edir. Bu, dövlətin diqqətindən xəbər verir. Deməli, biz də dövlətimizə qarşı olanlara, düşmənlərə qarşı birgə savaşmalıyıq. Biz işğal olunmuş torpaqlarımızın dərdini çəkməliyik, ancaq bir şuşalı gedib Suriyada ölür. Sünni-şiə məzhəbləri arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşmalıyıq. Nə üçün biz sünni və şiəyə ayrılmalıyıq, düşmən də bundan istifadə etməlidir? Elə analar var ki, mənin yanıma gəlib deyirlər ki, oğlunu qaytaraq, heç olmasa ölüsünü...
Təkmilləşdirmə kursunda 50 şiə və sünni oxuyacaq. Məqsədimiz aydındır. Biz özümüz də dəyişmək, müasir həyatla ayaqlaşmaq istəyirik. Axundlar, imamlar da müasir həyatla ayaqlaşmalıdırlar".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Aran) çıxışında bildirib ki, ideoloji sahədə qalib gəlmədən heç bir sahədə qalib gəlmək olmaz: "Gənclərimiz düzgün yolda olmasa, uğur əldə edə bilmərik. Heydər Əliyev də deyib ki, gənclərimiz dini olduğu kimi öyrənməlidir, biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı qüvvələr islam adı altında gənclərimizi zədələsinlər".
S.Aran deyib ki, bu gün ayrı-ayrı qruplar gənclərə fanatizm ruhu aşılamaq istəyirlər: "Bu gün cəmiyyətimizdə baş verən hadisələrə baxaq, Suriyada cavan həyatını heç nədən məhv edən insanlara təsir edirlər ki, bu yola gedirlər. Biz heç bir kəsin dini etiqadına, dəstəklədiyi hansısa dini istiqamətin ayinlərini yerinə yetirməsinə etiraz etmirik. Bu, Konstitusiyada da əksini tapıb. Lakin qanunvericiliyə görə heç kəs başqasını şirnikləndirməklə zorla təsiri altına sala bilməz. İnanıram ki, bu kurs insanların intellektual səviyyəsinin artması istiqamətində səmərəli olacaq. Kənarda iki fərqli təriqət daşıyıcısının dialoqunda kim daha intellektualdırsa, cəmiyyətdə o rəğbətlə qarşılanacaq. Biz intellektual olmalıyıq ki, həmişə qalib olaq".
Millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla da ölkədə dini təfriqə salmaq istəyənlərə xəbərdarlıq edib: "Azərbaycanı çox parçalamaq istədilər. Hələ sovet dövründə də parçalamaq istədilər, alınmadı. Dövlətimiz indi də Azərbaycanı parçalamaq istiqamətində fəaliyyətlərə layiqli cavab verəcək".
K.Abdulla bildirib ki, təmiz dini əqidə üzərində böyümək, böyütmək, formalaşdırmaq hər kəsin borcudur: "Bu kursun açılması çox böyük tarixi hadisədir. Din xadimləri ilə müxtəlif dövlət xadimləri görüşməli, onlar dövlət xadimlərinin fikirlərini bilməlidirlər. Bu kursda həqiqi mənəvi mirasımızın çatdırılacağına əminəm. Prezident İlham Əliyev ölkəmizi güclü və varlı görmək istəyir. Bu, həm də din və din xadimlərinə münasibətlə bağlıdır".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə yas mərasimlərilə bağlı problemlərə toxunub: "Yas mərasimində mərsiyə oxuyanlarla bağlı iş görmək lazımdır. Qadınlara orada nə deyirlər, bilinmir".
H.Rəcəbli QMİ-nin bu sahəyə nəzarət etməli olduğunu vurğulayıb.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə də qadın məclislərindən xəbərləri olmadıqlarını bildirib: "Böyük bacım kənddə yaşayır, orucluqda kəndə getmişdim. Gördüm ki, bir çaynik aparır. Dedim ki, orucluqda niyə çay aparırsan? Dedi ki, mərsiyə oxuyan belə istəyir. Biz bu məsələyə gələcəkdə diqqət yetirməliyik".
QMİ sədri daha sonra deyib: "Bəzi fikirlər var ki, yas çadırlarını yığışdıraq. Yas çadırlarında bir tərəfdə yeyirlər, siqaret çəkirlər, bir tərəfdə də Quran oxuyurlar. Bu yolverilməzdir".
Onun sözlərinə görə, Hacı Sabirlə 20 il əvvəl bunu yığışdırmaq barədə düşünüblər: "Fikirləşmişdik ki, gələn adam yasda başsağlığı versin, getsin. Din xadimləri də 1-2 saat yas çadırında qalsın, sonra getsiin. Qurana məsciddə qulaq asılmalıdır. Gələcəkdə bu məsələlərinin üzərinə gəlinəcək. Bu, kommunist rejiminin gətirdiyi bəlalardır".
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev isə dini sahədə maarifləndirmədən danışıb: "Dini sahədə maarifləndirmə Qafqaz Müsəlmanları İdarəsinin istədiyi səviyyədə deyil".
O bildirib ki, bir ay ərzində din xadimlərinin vahid geyim məsələsi də həllini tapacaq: "Neçə vaxtdır, dövlət rəhbərliyi səviyyəsində din xadimlərinin geyim məsələsinin həlli tapşırılmışdı. Nəhayət, Kamal Abdulla dövlət müşaviri təyin olunandan sonra həllini tapdı".
V. Məmmədəliyev İslam Universitetinin diplomlarının tanınmaması məsələsinə də toxunub: "İslam Universitetinə artıq status verilib, magistratura və aspiranturada bu universitetin diplomları niyə tanınmır? Bu məsələ də həllini tapmalıdır".
V. Məmmədəliyev bildirib ki, şəhidlik statusu din xadimləri vasitəsi ilə cəmiyyətə başa salınsa, Suriyaya gedən olmaz: "Şəhidlər Vətən, namus, din yolunda həyatını fəda edənlərdir. Pul üçün döyüşənlərə şəhid deyilə bilməz. Biz başqa ölkənin işinə niyə qarışırıq? Özünü belə qəhrəman sayırsansa, Qarabağda partizan kimi döyüş, Suriyaya niyə gedirsən?"
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə isə Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəldiyini söyləyib: "Kimsə Mübariz İbrahimova döyüşmək tapşırmışdı? Özü torpaq uğrunda döyüşüb, şəhid oldu".
Şeyxülislamın sözlərinə görə, axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın: "Azərbaycanın bütövlüyü və dövlətçilik hər şeydən önəmlidir. İstər vəhhabi, istər nurçu, istər digər cərəyanlar olsun, dövlətçiliyə qarşı mübarizə aparanlara qarşı amansızlıqla mübarizə aparacağıq. Burada səfirlər də var, mən mövqeyimi açıq deyirəm. Azərbaycan dövlətçiliyi bizim üçün ən önəmlisidir".
A. Paşazadə xatırladıb ki, 33 ildir şeyxülislamdır: "Mən təkmilləşdirmə kursundakı insanlara öz övladlarım kimi baxıram. Onları Azərbaycan dövlətçiliyinə, həqiqi islama xidmət edən insanlar kimi görmək istəyirəm".