Lapşinin məhkəmə istintaqı başa çatıb Hadisə

Lapşinin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahid qismində ekspert Almaz Bayramova ifadə verib. O, Lapşinin yazıları ilə bağlı tərtib etdiyi rəyi təsdiqləyib. Lapşinin vəkili Eduard Çerninin suallarını cavablandıran şahid bildirib ki, Aleksandr Lapşin yazılarında Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib: "Məsələn, yazısında göstərib ki, "Ermənistan hardadırsa, Qarabağ da ordadır". Qarabağın adını "Artsax" kimi qeyd edib".
Lapşin şahidə suallar verib: "Mən yazımda göstərmişəm ki, Qarabağda Azərbaycana məxsus yüksəkliklərə Ermənistan nəzarət edir. Bəs siz nə üçün bu yazıma da rəy verməmisiniz?"
Ekspert belə bir yazıya rast gəlmədiyini deyib.
Lapşinin vəkili vəsatətlə çıxış edərək, məhkəmədə dindirilən şahidlərin yalnız internet üzərindən hadisəyə istinad etməsinin məqbul sayılmadığını və şahidlərin ifadələrinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Hakimlər Kollegiyası bu vəsatətə müşavirə otağında qərar elan edilərkən baxılacağını deyib və vəsatətin bu səbəbdən təmin etməyib.