Mediada etik prinsiplər Hadisə

Mediada etik prinsiplər

"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanın internet mediasında etik normaların qorunmasına dair monitorinqin aparılması" layihəsinin yekunu ilə bağlı Dəyirmi Masa keçirib.
Publika.az-ın xəbərinə görə, layihə barədə məlumat verən "Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyinin sədri Ruslan Xəlil bildirib ki, layihənin keçirilməsində məqsəd İnternet mediasında etik normalara əməl edilməsini aşılamaqdır: "İnternet mediada şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir hallarına yol verilməsi, həmçinin milli, mənəvi dəyərlərə hörmət edilməməsi hallarına tez-tez rast gəlinir. Hazırda ölkədə yüzdən çox informasiya saytları, portallar var ki, internet resursu kimi fəaliyyət göstərir. Ölkə əhalisinin böyük əksəriyyətinin İnternetə çıxışının olmasını nəzərə alsaq, elektron medianın ictimai fikirin formalaşmasında önəmli rol oynadığını söyləyə bilərik. Etik normaları pozan saytların rəhbərlərinə aidiyyəti qurumlar tərəfindən müvafiq xəbərdarlıqlar edilsə də, onlar öz fəaliyyətlərini davam etdirirlər və hətta əməllərində cinayət xarakteri olan hallara yol verirlər. Bunun nəticəsidir ki, ictimaiyyətə özlərini jurnalist, redaktor kimi təqdim edən şəxslərin barələrində son vaxtlar cinayət işlərinin açılması halları artıb.
Ruslan Xəlil deyib ki, layihə çərçivəsində elektron mətbuatda monitorinqlər aparılıb.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu çıxışında qeyd edib ki, etik prinsiplər daha çox Mətbuat Şurasının "Qara siyahıya" saldığı nəşrlər, saytlar pozur. JEM sədri həmin yazı müəlliflərinin jurnalist peşəkarlığından xəbərsiz olduqlarını önə çəkərək, etik prinsiplərin pozulmasını bu amillə əlaqələndirib.
"Teleqraf.com" saytının redaktoru Qurban Yaquboğlu Azərbaycanda son illər elektron medianın fəaliyyətinin daha da gücləndiyini bildirib: "Bu gün elektron media ictimai fikirə daha çox təsir göstərir. Amma təəssüflər olsun ki, elektron mediada dərc edilən yazıların keyfiyyəti, xüsusilə də, onların qrammatik normalara uyğun gəlməməsi məni çox narahat edir. Sanki elektron media özü üçün yeni jurnalistika üslubu, dili formalaşdırıb. Gələcəkdə bu məsələlərin də araşdırılmasına ehtiyac var".
"Strateq.az" saytının redaktoru Zaur İbrahimli söyləyib ki, onlayn media xarici təcrübədən istifadə etməlidir: "Hər bir sayt öz yolunu özü müəyyən etməlidir, amma bu yolu peşəkarcasına, müvafiq qanunvericiliyə söykənərək getməlidir. Burada redaksiyanın rəhbərliyinin peşəkarlığından, jurnalistlərin sosial məsuliyyətindən çox şey asılıdır. Təəssüflər olsun ki, jurnalistlər bir sıra hallarda yerli və beyəlxalq kodekslər, nümunələrdən xəbərsizdirlər. Media qurumları bu sahədə maarifləndirmə aparmalı, jurnalistlər üçün təlimlər keçirməli, redaksiyalarla sıx işləməlidirlər".
"Teleqraf.com" saytının redaktoru Zahid Nurəliyev bildirib ki, etik davranışa əməl edilməsi peşəkarlığın vacib elementlərindən biridir: "Bəzən peşəkar jurnalistin də qələmindən qeyri-etik yazılar çıxa bilir. Bu ondan xəbər verir ki, qələm sahibi normalarla yaxşı tanış deyil, unudub. Bu mənada jurnalistika üzrə fəaliyyət göstərən QHT-lərin üzərinə böyük yük düşür. İndiki məqamda onlayın medianın azadlığına, sərbəstliyinə toxunmadan onlara hüquqi yardım göstərilməsinə, məsləhətlərin verilməsi, pozuntulara yol verdikləri halda xəbərdarlıqların edilməsinə ehtiyac var. Hazırda bu işi Mətbuat Şurası və digər QHT-lər müəyyən qədər həyata keçirsələr də, gələcəkdə bu istiqamətdə fəaliyyətin gücləndirilməsinə ehtiyac var".
Layihənin eksperti, Azərbaycan Dillər Universitetində onlayn jurnalistika fənnini tədris edən Nərgiz Cavadzadə çıxışında bildirib ki, Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksi qəbul edilsə də, onlayn mediada bu kodekslərə çox vaxt əməl olunmur: "Çox yaxşı olar ki, hər bir redaksiyanın girişində, otaqlarında Etik Davranış Kodeksi yazılı şəkildə yerləşdirilsin".