Taktiki müdafiədən strateji hücuma: Şuşadan dünyaya mesajlar Siyasət

Taktiki müdafiədən strateji hücuma: Şuşadan dünyaya mesajlar

Həmişə olduğu kimi bu gün də informasiya ən güclü silahdır. Azərbaycan uzun illər ərzində informasiya hücumlarına məruz qalıb və bu tendensiya bu gün də davam edir. Xüsusilə işğal dönəmində erməni lobbisinin yalan məlumatları həqiqət kimi beynəlxaq ictimai rəyə sırıya bilməsi ölkə və xalq xalq olaraq bizim üçün ciddi problemlər yaradıb.
Bu stereotiplər 2020-ci il Vətən müharibəsində qırıldı. Prezident İlham Əliyev informasiya savaşında da mühüm rol oynadı. Müharibənin gedişində dünyanın diqqəti bölgədə idi. Bu fürsəti dəyərləndirən Azərbaycan Prezidenti cəbhədə və diplomatik müstəvidə olan gərgin vəziyyətə rəğmən ona müraciət edən heç bir xarici media təmsilçisinin müraciətini geri çevirmədi, dünyanın bir sıra aparıcı media quruluşlarına müsahibələr verməklə, informasiya blokadasının yarılmasına nail oldu. Bu, hərbi və diplomatik uğurlar qədər əhəmiyyətli idi.
Beləliklə də erməni lobbisinin milyardlar xərcləyərək formalaşdırdığı yanlış təsəvvür qısa zaman kəsiyində darmadağın oldu.
Təbii ki, tarixi qələbə qazanmağımızdan 6 il keçməsinə baxmayaraq hələ heç nə bitməyib, mübarizə davam edir.
Bu isə o deməkdir ki, informasiya savaşında effektli nəticəyə nail olmaq üçün artıq yeni yanaşmalara ehtiyac var və Şuşa Qlobal Media Forumu bu baxımdan kifayət qədər uğurlu platformadır.
2023-cü ildən başlayaraq, hər il ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumuna çoxsaylı ölkələrdən və müxtəlif mətbuat orqanlarından jurnalistlər qatılır, onlar istər Azərbaycan dövlət başçısının fikirlərini, istərsə də işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə, görülən işlərlə bağlı öz təəssüratlarını çalışdıqları mətbuat orqanlarında yayımlayılayırlar. Bu da Azərbaycan həqiqətlərinin çoxmilyonlu xarici auditoriyaya çatdırılması baxımından çox önəmlidir.
IV Şuşa Qlobal Media Forumunda da dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etməsi, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumunun, eyni zamanda 10-a yaxın beynəlxalq təşkilat və şirkət nümayəndələrinin təmsil olunması əhəmiyyətli hadisədir.
Sön dövrlər ilk dəfədir ki, Azərbaycan bu cür uğurlu strateji yanaşma ortaya qoyur və ənənəvi olaraq formalaşmış müdafiə taktikasından hücum strategiyasına keçir.
Düşünürəm ki, 2020-ci ildən sonra artıq yeni çağırışlara uyğun dəyişim prosesi qaçılmaz idi və bütün istiqamətlərdəki addımlar cəbhədə qazanılan uğurlara adekvat olmalı idi.
Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycana informasiya sahəsində dividend gətirən önəmli platformaya çevrilib və bu ənənə davam etdirilməlidir...

Əli Zülfüqaroğlu
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru