“Burada Ermənistan qoşunlarının güc faktoru olduğunu demək olmaz” Hadisə

“Burada Ermənistan qoşunlarının güc faktoru olduğunu demək olmaz”

"Rusiya-Ermənistanın birləşmiş qoşunlarının yaradılması Rusiyanın regionda güclənməsi deməkdir". Bu fikri politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Ermənistan qoşunlarının güc faktoru olduğunu demək olmaz: "Burada əsas rolu oynayan Rusiya qoşunları olacaq. Rusiya ilə Ermənistan hərbi-siyasi müttəfiqlərdir və Rusiyanın Ermənistanda hərbi bazası var".
Politoloqun fikrincə, birləşmiş qoşunları Azərbaycana qarşı birbaşa təhlükə kimi qiymətləndirməsək də, bunu müsbət bir amil kimi də qəbul etmirik: "Bu qoşunların yaradılması ilə Ermənistan Rusiyanın güclü himayəsi altına düşür. Əgər Rusiya Ermənistanı müdafiə etmək istəyirsə, onu Azərbaycandan müdafiə etməsinə ehtiyac yoxdur. Çünki biz Ermənistanın ərazilərinə iddialı deyilik, onlar bizim ərazilərimizə iddialıdır və işğal ediblər. Bizim əsas məqsədimiz torpaqları azad etmək və münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməkdir".
F. Sadıqovun fikrincə, birləşmiş qoşunlarda rəhbər şəxslərin içərisində ermənilər olsa da, bu qoşun rusların himayəsi altında olacaq: "Rusiya Ermənistanı ona görə himayə etmir ki, ondan çox xoşu gəlir. Onlar sadəcə olaraq regionda öz mövqelərini möhkəmləndirir. Biz isə hərbi potensialımızı və Türkiyə ilə münasibətlərimizi daha da gücləndirməliyik".