Milli Qəhrəmanın ailəsi ziyarət edildi Hadisə

Milli Qəhrəmanın ailəsi ziyarət edildi

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
Milli Qəhrəmanın həyat yoldaşı Badam İmanova şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib. Bildirib ki, Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib. Gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatılıb. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak edib. 2014-cü ilin avqust ayının əvvəllərində Ermənistan-Azərbaycan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qələbəyə nail olub. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edilib. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatılıb. Ermənistan-Azərbaycan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənlə amansız döyüşə girib. Aprelin 3-dən 4-nə keçən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası alıb. Əsgərlər onu döyüş meydanından aparmaq istəsə də, Samid İmanov buna qəti sürətdə etiraz edib və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərin etirazına baxmayaraq mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verib. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmaq üçün yenidən döyüş meydanına qayıdıblar, amma mayor İmanovu orada tapa bilməyiblər. Samid İmanov əsgərlər ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşıb. Bütün mərmiləri qurtaran mayor İmanov erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlayıb. Səhərə gədər əsgərlər onu tapmadığı üçün Samid İmanov qanaxma nəticəsində qəhrəmancasına şəhid olub. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülüb və doğma Neftçala rayonuna aparılıb. Aprelin 9-u isə Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salınıb.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Müdafiə naziri Zakir Həsənov Samid İmanovun atasına "Azərbaycanın Milli Qəhrəmanı" adı adı ilə bağlı vəsiqəni təqdim edib.
Samid İmanovun Fidan adlı qızı və Turan adlı oğul yadigarı qalıb.