Balkanlara humanitar yardım çatdırılıb Hadisə

Balkanlara humanitar yardım çatdırılıb

Prezident İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən sel daşqınlarının baş verdiyi Serbiyaya göndərilən humanitar yardım Serbiya prezidenti Tomislav Nikoliçin xanımı Dragika Nikoliç və dövlət rəsmiləri tərəfindən qəbul edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, humanitar yardımı təhvil verən FHN təmsilçisi bildirib ki, yardım Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında dost Serbiya xalqına çatdırılıb.
Xanım Nikoliç keçirdiyi mətbuat konfransında yardıma görə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Bosniya-Herseqovinada humanitar yardımı isə bu ölkənin Prezident Aparatının rəhbəri və milli təhlükəsizlik naziri qəbul edib, dost yardımına görə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü bildiriblər.
Humanitar yardımların təqdim edilməsi mərasimində Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, hər iki ölkəyə göndərilmiş humanitar yardıma müxtəlif həcmli 12 ədəd motorlu qayıq, 260 ədəd müxtəlif ölçülü çadır, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40 generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri material və avadanlıqlar daxildir.
Xatırladaq ki, baş verən daşqınlar nəticəsində onlarla insan ölüb, minlərlə sakin evsiz-eşiksiz qalıb.