Hansı hamilə qadınlar risk qrupuna aiddirlər? Hadisə

Hansı hamilə qadınlar risk qrupuna aiddirlər?

Avqustun 31-də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) ölkədə antenatal qulluğun təşkilinə dair Səhiyyə Nazirliyinin təşəbüsü ilə mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən ETMGİ-nin hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova hamiləliyin ağırlaşma faktorlarının bir neçə qrupa bölündüyünü bildirib. Qeyd edilib ki, bu sıraya sosial-bioloji faktorlar, yəni yaşı 18-dən kiçik, 40-dan yuxarı olan hamilələr, atanın yaşı 40-dan yuxarı olduqda, zərərli vərdişlər və bu kimi bir sıra faktorlar daxildir. Bu faktorlara mama-ginekoloji anamnez də aiddir. Bu isə doğuşların sayının 4 və daha artıq olan hamilə qadınlar, təkrari və fəsadlaşmış abortlar, uşağın inkişaf qüsuru olan hamilə qadınlar, sonsuzluq, induksiya olunmuş hamiləlik, uşaqlıq və artımlarda cərrahi müdaxilələr, inkişafdan qalmış hamiləlik və bu kimi bir sıra hallar deməkdir. Hamiləliyi ağırlaşdıran faktorlara ekstragenital xəstəliklər də aiddir deyən şöbə müdiri bildirib ki, bunlar hipertenziya, ürək-damar sistemi xəstəlikləri, qan xəstəlikləri, hemostaz pozğunluqlar, qaraciyər xəstəlikləri onkoloji və bir sıra digər xəstəlikləri də aid etmək olar. Preeklampsiyanın risk faktorları sırasına birinci hamiləlik, anemnizində preeklampsiya və ya eklampsiya olan hamilələr, piylənmə, yəni bədən kütlə indeksi 35-dən yuxarı olanlar, doğuşlar arasında interval 2 ildən az, 10 ildən çox olanlar və bu kimi bir sıra hallar aiddir.
İnstitutun mamalıq bölməsinin böyük elmi işçisi Fatimə Hacıyeva bildirib ki, anetal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadın və onun ailə üzvlərinin hamiləliyinin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və anetal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən burada əsas vəzifə məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibbi personalın üzərinə düşür. Əsassız həkim müdaxilələri minimuma endirilməsinə və qulluğa uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır. Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə yeddi gəlişi tövsiyə olunur. Bu gəlişlər hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci və 40-cı həftələrinə təsadüf etməlidir. Sonra mövzu ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.