77 min manatdan artıq gecikdirilmiş sosial ödənişlər ödənilib Hadisə

77 min manatdan artıq gecikdirilmiş sosial ödənişlər ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması və əmək hüquqlarının pozulması halları ilə bağlı tədbirlər davam etdirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin yanvar-avqust aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 77 min 115 manat vəsaitin işçilərə ödənilməsi təmin edilib. Həmin vəsaitin 71 min 358 manatı gecikdirilmiş əmək haqlarından, 3 min 701 manatı işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.
Hesabat dövründə müraciətlərin araşdırılması zamanı 6 nəfərin işdən qeyri-qanuni şəkildə azad edildiyi də müəyyənləşib və görülən tədbirlər nəticəsində onlar yenidən əvvəlki işlərinə bərpa ediliblər. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunması, işçilərin əmək hüquqlarının təminatı, o cümlədən əmək haqları və sosial xarakterli digər ödənişlərin onlara qanunvericilikdə nəzərə tutulmuş qaydada vaxtında onlara çatdırılması və s. ilə bağlı işəgötürənlərə ətraflı şəkildə məlumatlar da verilib.