Səyyar “ASAN xidmət” rayonlarda Hadisə

Səyyar “ASAN xidmət” rayonlarda

Səyyar "ASAN xidmət" oktyabrın 23-ü noyabrın 11-i Ağsu rayonu, oktyabrın 23-ü noyabrın 6-sı Qaradağ rayonunun Sahil qəsəbəsi və Göygöl şəhəri, oktyabrın 27-si noyabrın 25-i Qusar, Yevlax və Biləsuvar şəhərləri, oktyabrın 27-si noyabrın 6-sı Oğuz şəhəri, oktyabrın 28-i noyabrın 11-i tarixlərində isə H.Z.Tağıyev qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, həmçinin oktyabrın 2–31 tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər ("Azərişıq", "Azərsu" ASC və "Azəriqaz" İB) təqdim olunacaq.
Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr tarixlərində Şirvan və Xırdalanda, 9 –23 oktyabr tarixlərində Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.