Gürcüstan Yazıçılar İttifaqının sədri peşman olub Hadisə

Gürcüstan Yazıçılar İttifaqının sədri peşman olub

O, adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət edib

Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş M.Qonaşvili müraciətində adının bu siyahıdan çıxarılmasını xahiş edib.
E.Abdullayev qeyd edib ki, Gürcüstan Yazıçılar İttifaqının sədri 2012-ci ilin 16-18 oktyabr tarixlərində "Beynəlxalq poeziya festivalı"nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıb və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib.
M.Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davranacağına dair öhdəlik götürdüyünü də qeyd edib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasını xahiş edib.
E.Abdullayev M.Qonaşvilinin müraciətinə müvafiq qaydada baxılacaq.