Monitorinq imtahanları 230 məktəbi əhatə edəcək Hadisə

Monitorinq imtahanları 230 məktəbi əhatə edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 14-15-də respublikanın 38 şəhər və rayonunda (Kəngərli, Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, Ağsu, İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz, Siyəzən) ümumtəhsil müəssisələrinin 6-cı siniflərinin şagirdləri üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur. Azərbaycan (rus) dili fənni üzrə imtahan dekabrın 14-də keçiriləcək. İmtahan saat 10:00 da başlanacaq və 2 saat davam edəcək. İlk 1 saat 30 dəqiqə açıq tipli test tapşırıqlarının cavablandırılmasına, son 30 dəqiqə inşa (esse) yazılmasına ayrılır. Riyaziyyat fənni üzrə imtahan dekabrın 15-də keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
Xatırladaq ki, 6-cı siniflər üçün monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində dekabrın 20-21-də təşkil ediləcək. Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.