Katz: "Fələstin güclərinə qarşı qısa və şiddətli əməliyyat keçirəcəyik" Dünya

Katz: "Fələstin güclərinə qarşı qısa və şiddətli əməliyyat keçirəcəyik"

İsrail ordusu İordan çayının qərb sahilində Fələstin Milli Administrasiyasının (FMA) güc strukturlarına qarşı tammiqyaslı hərbi əməliyyatlara hazırlaşmaq əmri alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Katz bəyan edib.

"The Times of Israel" nəşrinin verdiyi məlumata görə, hökumətin iclasında çıxış edən Katz ordu üçün hazırlanmış "əsas ssenari"ni digər nazirlərin diqqətinə çatdırıb. Həmin ssenari "cihadçıların məskunlaşanlara və İsrail Müdafiə Ordusunun hərbçilərinə qarşı ehtimal olunan hücumlarına hazırlığı nəzərdə tutur". Nazir qeyd edib ki, orduya "FMA-nın təhlükəsizlik qüvvələrinin və onunla əlaqəli "Tənzim" təşkilatının silahı məskunlaşanlara və İsrail Müdafiə Ordusunun qoşunlarına tərəf yönəldəcəyi ssenariyə hazırlaşmaq" əmri verilib.

"Belə bir halda Fələstin Milli Administrasiyasına müharibə elan ediləcək və İsrail Müdafiə Ordusu İsrailin Baş naziri Binyamin Netanyahu və mənim tərəfimdən İsrail Müdafiə Ordusu üçün müəyyən edilmiş prinsiplər əsasında hazırlanmış və təsdiqlənmiş ətraflı plana uyğun olaraq tammiqyaslı hücuma başlayacaq", - deyə Katz bildirib.

Nazirin proqnozuna görə, belə bir hərbi kampaniya "qısa və şiddətli olacaq". Orada quru qoşunları, hərbi hava qüvvələri və xüsusi vasitələr cəlb ediləcək, kampaniyaya "yüksək vəzifəli şəxslərin zərərsizləşdirilməsi və qovulması, silahların məhv edilməsi, həmçinin sakinlərin miqyaslı təxliyəsi və şəhərlərin daxilindəki terror infrastrukturu ilə bütün qaçqın düşərgələrinin məhvi" daxil olacaq, - deyə Katz sıralayıb.

Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, İsrail bu zaman Qəzza zolağında və Livanın cənubunda apardığı döyüş əməliyyatlarının təzə təcrübəsinə söykənməyi planlaşdırır. Bundan əvvəl Katz izah etmişdi ki, orduya sərhədyanı ərazilərdə "terror infrastrukturunu məhv etmək" məqsədilə Cənubi Livanda da Qəzzada olduğu kimi hərəkət etmək göstərişi verilib.

Məryəm Quliyeva