
“Son illər mülayim hava şəraiti demək olar ki, yoxa çıxıb. Sanki fəsillər öz yerini dəyişib. Yaz və payız ayları çox qısa çəkir, havalar bir anda isti və ya soyuq keçir. Bu isə heç şübhəsiz, qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlarla bağlıdır. Məsələn, sentyabr ayı çox isti keçdi. Sanki yay geri dönmüşdü. Qəfildən hava soyudu və intensiv yağışlar başladı. Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya tədbirləri deyəndə bunu nəzərdə tuturlar. Yəni artıq həm insanlar, həm də dövlət qurumları havanın dəyişkənliyinə və gözlənilməz şıltaqlıqlarına hazır olmalıdırlar. Həyət evlərində yaşayan sakinlər isə xüsusilə avqust ayından etibarən hazırlıqlara başlamalı, kanalizasiya və yağış sularının axıdılması sistemlərini yoxlamalı, təmirə ehtiyacı olan boru və digər hissələri vaxtında dəyişdirməlidirlər. Güclü yağışlar zamanı əsas problem yağıntının çoxluğu deyil, şəhərin bu suyu nə dərəcədə düzgün qəbul edib idarə edə bilməsidir”.
Bu sözləri xalqcebhesi.az-a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli söyləyib.
E.Cəfərli bildirib ki, paytaxtın payıza hazırlığı yalnız yağış kanalizasiya xətlərinin təmizlənməsi ilə məhdudlaşmamalıdır: “İlk növbədə yağış sularının hərəkət etdiyi kanallar, kollektorlar və drenaj sistemləri mütəmadi şəkildə yoxlanılmalı, onların texniki vəziyyəti nəzarətdə saxlanılmalıdır. Suötürücü qurğuların qarşısının yarpaq, məişət tullantıları və digər çirkləndiricilərlə tutulmasının qarşısı vaxtında alınmalıdır. Güclü yağış zamanı yaranan problemləri yalnız fövqəladə vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Yağış sularının idarə olunması şəhər planlaşdırmasının ayrılmaz hissəsi olmalıdır. Bakı kimi yağıntının artıq mövsümi xarakter daşıdığı şəhərdə suyun toplanması, ötürülməsi və mümkün olduqda yenidən istifadəsi üçün uzunmüddətli sistem qurulmalıdır. Yağıntıların yaratdığı ekoloji riskləri azaltmaq üçün şəhərdə yaşıllıq sahələrinin artırılması və torpağın suyu özünə hopdurmasına imkan verən ərazilərin qorunması da vacibdir. Asfalt və beton örtüklərin həddindən artıq genişləndirilməsi yağış suyunun torpağa hopmasını çətinləşdirir və səthi axının artmasına səbəb olur”.
O deyib ki, intensiv yağışların yaratdığı avantajlar da var: “Yağışlar yaşıllıqların suvarılmasına imkan yaradır. Bakıda elə yaşıllıq əraziləri var ki, orda ağaclara aylarla qulluq olunmur, bitkilər suvarılmır. Məsələn, Bakıxanovdakı meşə sahəsində ağaçlara qulluq göstərildiyini görməmişəm. Yaşıllıq getdikcə keçəlləşir. Bir sıra uşaq bağçaları və məktəblərin həyətlərindəki ağaçlar da aylarla qulluq görmür, suvarılmır. İntensiv yağışlar həmin yaşıllıq sahələrinə can verir. Yağış sularının müəyyən hissəsinin xüsusi çənlərdə və tənzimləyici hovuzlarda toplanaraq texniki məqsədlərlə, məsələn, yaşıllıqların suvarılmasında istifadə edilməsi də nəzərdən keçirilə bilər. Eyni zamanda, su basmasına meyilli ərazilər müəyyənləşdirilməli və həmin zonalarda risklərin azaldılması üçün konkret tədbirlər planı hazırlanmalıdır”.
İctimai Birlik sədri hesab edir ki, biz hər güclü yağışdan sonra fəsadların aradan qaldırılmasına deyil, onların əvvəlcədən qarşısının alınmasına üstünlük verməliyik: “İqlim dəyişiklikləri fonunda ekstremal yağıntıların şəhər infrastrukturuna təsiri daha ciddi nəzərə alınmalıdır. Bakı üçün dayanıqlı yağışsuyu idarəetmə sistemi həm ekoloji təhlükəsizliyin, həm də şəhər sakinlərinin rahatlığının təmin olunması baxımından vacibdir. Bakıda subasmaların yaranmasının əsas səbəbi yağış kanalizasiya xətlərinin düzgün layihələndirilməməsi və ya ərazinin yükünə uyğun hesaplanmamasıdır. Bundan başqa kanalizasiya borularının zədələnməsi, tutulması və ya texniki baxışın vaxtında aparılmaması, yeni tikililərin təbii su axını yollarının üzərində və ya su toplanan ərazilərdə salınması, ərazidə drenaj sisteminin ümumiyyətlə olmaması və ya mövcud sistemin zəif olması, asfalt və beton örtüklərin genişlənməsi nəticəsində yağış suyunun torpağa hopmaması və səthi axının artması da problemin genişlənməsinə səbəb olur”.
Röya İsrafilova