Təhlükəli ekoloji çirklənmələr Hadisə

Təhlükəli ekoloji çirklənmələr

Eermənilər çay sularından terror vasitəsi kimi də istifadə edirlər

Ən təhlükəli qlobal çirklənmələr ümumi atmosferin çirklənməsindən irəli gəlir. Hazırda planetin quru hissələrinin çirklənməsi haqqında kifayət qədər material toplanıb. Çirklənmə mənbəyindən uzaqda yerləşən nəzarət sahələrində ağır metallar və aqrokimyəvi maddələr müşahidə olunur. A.E.Fersman belə bir "texnogenez" anlayışını irəli sürüb: sənayenin ətraf mühitə və landşaftın geokimyasına təsiri nəticəsində, konsentrat olunan maddələr ətraf mühitə püskürülür və qayıtmaz olur. Maddələrin antropogen dağılmalarının sürəti elmi-texniki inkişafdan və geoloji proseslərin artmasından asılı olur. İnsanların geokimyəvi fəaliyyəti ətraf mühitdə antropogen dəyişmələrin qlobal xarakter daşımasına səbəb olur. Ətraf mühitin çirklənməsi aşağıdakı hallarla nəticələnə bilər:
1. Zərərli maddələrlə təmasda olan xəstə insanların sayının artması;
2. Bitkilərin məhv edilməsi, məhsulun kəmiyyət və və keyfiyyətinin aşağı düşməsi;
3. Çirklənmiş sularda hidrobiontlərın məhv olması;
4. İçməli suyun tərkibində kimyəvi maddələrin olması, balıqçılıq təsərrüfatlarında suların texniki məqsədlə istifadəsi;
5. Havanın çirklənməsi nəticəsində xüsusi texnoloji əməliyyatların aparılmasının qeyri-mümkünlüyü; ətraf mühitin çirklənməsi insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Belə hallar insanların doğulmasına, hətta onların yaşaması üçün real təhlükə yaradır. Zəhərli maddələrin xroniki təsiri həmin maddələrdən asılıdır. Bu maddələr insan orqanizmində az miqdarda olduqda belə xəstələrin artmasına səbəb olur. Yüksək konsentrasiyalı maddələr isə insanlara spesifik təsir göstərir. Belə hallarda ayrı-ayrı xəstəliklər insanların xəstələnməsində özünü büruzə verir.
Ətraf mühitə atılan ağır metallar, toksik üzvi kimyəvi maddələr qrunt sularına qarışır. Yağış sularının təsiriylə həll oluna bilən kimyəvi maddələr yeraltı sulara hoparaq onları sıradan çıxarır. Ölkənin şirin su mənbələri ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanıb və şirin su ehtiyatları məhdudluğu ilə səciyyələnir. Rəqəmlərə əsaslansaq, ölkədə yerüstü su ehtiyatları təqribən 32,2 milyard kubmetr təşkil edir, quraqlıq illərində isə bu göstərici 22,6 milyard kubmetrə qədər azalır. Həmçinin, yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Ölkədə illik su çatışmazlığı 4,5-5 milyard kubmetr arasında dəyişir. Bundan əlavə, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yerləşən ümumi su tutumu 640 milyon kubmetr olan su anbarlarından istifadənin mümkün olmaması da ölkədəki su qıtlığının aradan qaldırılmasına əngəl yaradan mühüm səbəblərdən biridir. Beləliklə, yerüstü və yeraltı su mənbələrinin ekoloji vəziyyətinin daim nəzarətdə saxlanması, çirklənmədən qorunması əhalinin və təsərrüfat sahələrinin suya olan tələbatının uzunmüddətli təmini baxımından aktuallıq kəsb edən məsələdir.
Suyun təsir dairəsinin geniş yayıldığı nəzərə alınsa yeraltı su mənbələrinin çirklənməsini xüsusi təhlükə yaradan amil kimi qiymətləndirmək olar. Məsələn, Macarıstanda bir alüminum fabrikində kimyəvi tullantının toplandığı sistemin çökməsi nəticəsində yüzlərlə kubmetr kimyəvi palçıq ətrafa yayılıb. Bölgədəki yaşayış məskənləri tərkibində təhlükəli ağır metallar olan 1 milyon ton zəhərli maddə ilə örtülüb. Bəzi yerlərdə 2,5 metrə yaxınlaşan zəhərli maddə 4 nəfərin ölümünə, 120 nəfərin yaralanmasına səbəb olub. 7 nəfər isə itkin düşüb. Hadisənin son illərin ən böyük ekoloji fəlakətinə çevrilməsi ilə bağlı narahatlıq yaşanır. Çünki sızan palçıq Avropa qitəsinin ən önəmli çaylarından olan Tuna çayını təhdid edir. Zəhərli tullantılar artıq Tunanın qolu olan Raba çayına çatıb. Bir neçə gün sonra isə zəhərli maddə Tuna çayına qarışacaq. Onun üçün bölgədəki çay yataqlarına zəhərli tullantıların zərərini azaldacaq maddələr tökülür.
"New Scientist" jurnalının məlumatına görə, Vaşinqtonun Hanford bölgəsi nüvə tullantılarının üçdə ikisinin toplandığı ərazidir. Bu tullantıların çoxu bomba istehsalı əsnasında meydana gəlib. Burada yerləşən 177 nüvə tullantı anbarının 6-sında zəhərli maddə sızıntısı aşkarlanıb. Müşahidəçi Tom Carpenter iddiasına görə, zəhərli tullantıların çoxu yeraltı sulara qarışıb. Mənbə qeyd edir ki, Hanford bölgəsində 200 milyon litr radiaktiv və təhlükəli tullantı var, daha əvvəllər 67 dəfə sızıntı yaşanıb və son sızıntılar bölgənin təhlükəsizliyini şübhə altına alıb. Qeyd edək ki, Azərbaycanda yerüstü və qrunt sularının təhlükəsizliyi ABŞ-da qeydə alınmış bu vəziyyətdən heç də yaxşı deyil. Haftalanın Həsənəbad kəndində yod istehsal edən Azər-Yod MMC Xəzər dənizinin 150-200 metrliyində 10 hektardan artıq sahəni tutur. Sakinlərin narahat olduğu əsas ekoloji problem yod zavodunun fəaliyyəti nəticəsində Xəzər dənizi sularının zəhərlənməsidir. Zavod rəhbərliyi tərəfindən milli və beynəlxalq qanunvericilik pozulur. 2009-cu ildə zavod üç dəfə Ekologiya və Təbii Sərvətlər Hazirliyi tərəfindən ərtaf mühitin zəhərləməsi səbəbindən cərimə olunub. Zavodda çirkab sularının drenajı işi tam qurulmadığında yod zavodunun təmizlənməmiş qatı tullantıları birbaşa Xəzər dənizinə tökülən Mil-Muğan kanalına axıdılır. Sadalananlarla yanaşı narahatverici problemin biri də yod istehsalı zamanı yaranan radiasiyadir. Bu Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də təsdiq edilir. Zavodda yodun alınması üçün tələb olunan əsas xammal isə qazma sularıdır.
Məlumdur ki, Ermənistan ordusunun nəzarəti altında olan Azərbaycan torpaqlarından irili-xırdalı 15-ə yaxın çay axıb gəlir. Hamısının da suyu əkin sahələrinin suvarılmasında və əhalinin içməli suya tələbatının ödənilməsində istifadə olunur. Düşmən təkcə nəzarətində olan torpaqları deyil və həm də su ehtiyatlarını sıradan çıxarır. Məsələn, Tərtər sakini Mahir Səmədov deyir ki, suyu istədikləri vaxt bağlayıb açırlar, bəzən də az miqdarda axıdılan su həddən artıq çirklənmiş olur: "Su həddindən artıq çirkli olur. Gah bulanıq, lil olur, gah da mina gəlir. Ona görə də qorxuludur. İstifadə etmək düzgün deyil. Ancaq ehtiyac üzündən istifadə edirik".
Ermənilər Tərtər çayının üzərindəki iki su anbarının suyunun qarşısını kəsməklə çaykənarı rayonlara həm iqtisadi cəhətdən zərər vurur, həm də gözlənilməz sel təhlükəsi yaradırlar:
"Adətən yaz aylarında suyu kəsirlər. Yağmurlu aylar başlayanda, dağlarda qar əriyəndə isə onlar Madagis və Sərsəngdə ehtiyatı bağlayırlar. Əgər sel suları çox olarsa, sonrada Kür çayına axıtmaqla daşqın təhlükəsi yaratmaq üçün istifadə edirlər".
Yerli sakinlərin sözlərinə görə, ermənilər çay sularından həm də terror vasitəsi kimi də istifadə edirlər. Onlar dəfələrlə Tərtər çayına axıtdıqları kimyəvi maddələrlə işğal olunmamış ərazilərdə insanların sağlamlığına, mal-qarasına, əkin sahələrinə zərər vurmağa cəhd ediblər. İşğaldan əvvəl Tərtər çayı üzərindəki Sərsəng və Madagis su anbarlarının hesabına 7 rayon ərazisində 100 min hektardan çox əkin sahəsi suvarılıb. Hazırda həmin ərazilərin suvarılması üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılmaqla artezian quyuları vurulur.
Müharibənin acı nəticələrindən biri də işğal edilmiş torpaqlarda nəzarət edilməyən nüvə zonalarının yaradılması olub. Bu fakt bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə mənbəyidir. İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir.
Ermənistanın "Razdanmaş", "Armavir", "Akopyan", "CakMacMetals" və "Vartaniol" şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürürmüşlər. Sonuncu şirkət, həmçinin, işğal edilmiş ərazidə "C-300" və "Tayfun" tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilib. Sankt-Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyir. Bu laboratoriyaların və Ermənistanın "Metsamor" atom stansiyasının nüvə tullantıları xüsusi çəlləklərdə Qarabağın dağlıq regionunda yerləşən Almalı, Kolataq və Seyidbəyli yaşayış sahələrində basdırılıb.
Baham adalarında yerləşmiş olan "Union Atomic Garbage Plc" adlı atom tullantılarının yerləşdirilməsi üzrə podratçı şirkət Qarabağ dağlarında nüvə tullantılarının basdırılması üçün xüsusi beton çalalar tikib. Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilmişdir. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılıb və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilib. Bu rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə İranın sərhəd qüvvələrinə icarəyə verilmişdir.
Region üçün mövcud olan nüvə təhlükəsi, həmçinin, ermənilər tərəfindən 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı nüvə döyüş başlıqlarının istifadəsinin nəticəsi kimi özünü biruzə vermişdir. Ekspertlərin rəyi belədir ki, bu zəhərlənmiş zona ən azı iyirmi beş il ərzində təmizlənə bilər (Rusiya Federasiyası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, "Messenger" 1997, 14 noyabr).
Azərbaycanın işğal edilmiş Laçın rayonunun 280 kvadrat kilometrlik meşə zonası Amerika vətəndaşı Q.Ohanyana icarəyə verilib və o, bu ərazidə silah zavodu tikib. Ermənistan Toksikologiya İnstitutunun 1996-cı il hesabatında göstərilir ki, Laçın rayonunda olan 320 kvadrat kilometrlik sahə kütləvi qırğın zonasına çevrilib.
Türkiyəli ilahiyyatçı professor Yaşar Huri Öztürk zəhərli tullantıları israfın yaratdığı bir nəticə adlandırır: "İsraf böyüyərək terror, qan və dəhşətə çevrilməkdədir. Terror yeni terror ocaqları yaradır. Bütün bunlar yer kürəsinin ekosistemini pozmaqla, atmosferi zəhərləməklə yeni təbii fəlakətlərə zəmin hazırlamaqdadır. İsraf durdurulmadan nə zülmü durdurmaq mümkün olacaq, nə də barış, hüzur və xoşbəxtlik tapılacaq".

Ülviyyə Tahirqızı