Ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq Hadisə

Ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq

Prezident İlham Əliyev mayın 3-də "2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.
Dövlət Proqramının məqsədi şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.
Buna nail olmaq üçün şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, şərab istehsalı və ixracının artırılması, ixrac bazarlarının diversifikasiyası, şərab istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, şərab istehsalı infrastrukturunda geriləmənin aradan qaldırılması və milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, şərabçılıq sahəsində mütəxəssislərin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğun artırılması, istehlak bazarında və idxalda keyfiyyətsiz məhsullara qarşı mübarizənin gücləndirilməsi kimi vəzifələr qoyulub.
Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda şərabçılıq ənənələri bərpa olunacaq, şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq, şərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdiriləcək, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənəcək, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqləndiriləcək.
İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirməli və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.