DGK-da ictimai dinləmələr keçirilib Hadisə

DGK-da ictimai dinləmələr keçirilib

Dünən Pulman Baku otelində "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda İctimai Müzakirə keçirilib. Müzakirəyə Azərbaycan Rerspublikası Döblət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin nitqi ilə start verilib.
Rza Həsənəliyev tədbir iştirakçılarını salamladıqdan sonra, Prezident İlham Əliyevin məqsədyönlü, uğurlu siyəsətindən və bu siyasətin, düzgün istiqamətdə yürüdülən strategiyanın gömrük işinə müsbət təsirindən danışıb. Azərbaycan Rerspublikası Döblət Gömrük Komitəsi sədrinin müavini eyni zamanda gömrük işində əldə edilən nailiyyətlərdən, irəliləyişlərdən bəhs edib və xüsusilə gömrük işində elektron gömrük xidmətinin rolu barədə vurğulayıb. Həmçinin dövlət qurumları və beynəlxalq institutlarla əlaqələrdən də danışan Rza Həsənəliyev eyni zamanda insan resurslarının təkmilləşdirilməsinə də diqqət ayrıldığını nəzərə çatdırıb və Dövlət Gömrük Komitəsinin Akademiyasından da söz açıb, Prezident İlham Əliyev tərəfindən Qəbələ rayonunda təməli qoyulan Gömrük Akademiyasının tezliklə fəaliyyətə başlayacağını da qeyd edib.
Daha sonra Açıq Hökumət platformasının koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edərək tədbirdə beynəlxalq təşkilatların, eləcə də media nümayəndələrinin olduğunu vurğulayıb, Gömrük orqanlarının ölkənin vizit kartı olduğunu və ölkəyə gələnin ilk növbədə gömrüklə qarşılaşmalı olduğunu nəzərə çatdırıb. 2016-cı ildə Prezident İlham Əliyevin təyin etdiyi Strateji Yol xəritəsindən danışan Əliməmməd Nuriyev bildirib ki, qarşıya tapşırıqlar və vəzifələr qoyulub, bu baxımdan tədbir çox təqdirəlayiqdir və bu müzakirələrin müsbət nəticələri olacaq.
Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov da öz çıxışında aparılan uğurlu siyasət sayəsində Gömrük Komitəsində də əldə edilən müsbət nəticələrdən danışıb və qeyd edib ki, islahatlar öz bəhrəsini verir. "Dövlət sərhəddən başlayır", deyən Fuad Qasımov sıravi işçidən başlamış ən məsul şəxslərə qədər hamının bu işə məsuliyyətlə yanaşmalı olduğunu vurğulayıb.
O, bildirib ki, 2017-ci ildə daxil olmuş müraciətlər üzrə yoxlamaların nəticələri əsasında aparılmış araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 209 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 10 nəfər gömrük orqanlarından xaric edilib, 2 nəfər tutduğu vəzifədən azad edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin rütbəsi bir pillə aşağı salınıb, 47 nəfərə sonuncu xəbərdarlıq, şiddətli töhmət, 114 nəfərə töhmət verilib, 30 nəfərə irad tutulub.
"2017-ci il ərzində fiziki və hüquqi şəxslər tərəfindən Dövlət Gömrük Komitəsinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 33 gömrük orqanı əməkdaşı nizam-intizam məsuliyyətinə cəlb edilib. Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılan xidməti araşdırma zamanı korrupsiya və digər cinayət əməlləri törətməkdə təqsirli bilinən 10 gömrük orqanı əməkdaşı barədə toplanmış materiallar aidiyyəti üzrə prokurorluq orqanlarına, 7 gömrük orqanı əməkdaşı barədə toplanmış materiallar isə araşdırma məqsədilə komitənin İstintaq İdarəsinə göndərilib", - deyə Fuad Qasımov vurğulayıb.
Öz çıxışı zamanı Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general mayoru İqbal Babayev isə Gömrük-biznes əməkdaşlığında elektron gömrük xidmətlərinin rolunu qeyd edib və Azərbaycanın Gürcüstandan fərqli olaraq sərhəd keçid məntəqələrində təhlükəsizliyə daha çox önəm verdiyini nəzərə çatdırıb. Azərbaycanın sərhəd keçid məntəqərində nəqliyyat vasitələrinin çox qalması məsələsinə aydınlıq gətirən İqbal Babayev bildirib ki, ölkələrin hansı siyasəti həyata keçirdiyinə fikir vermək lazımdır və əgər Gürcüstan sərhəd keçid məntəqələrində fiskal siyasət həyata keçirirsə, biz daha çox təhlükəsizliyə üstünlük veririk və bu baxımdan Gürcüstan sərhəddindən 1 dəqiqəyə keçmək mümkün olduğu halda bizdə yubanmlar ola bilir.
Sual-cavab və müzakirələrdən sonra tədbir yekunlaşdırılıb.