ASAN mənzillərə kupça verməyə başlayıb Hadisə

ASAN mənzillərə kupça verməyə başlayıb

İnam Kərimov: "Ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb"
Rəna Səfərəlifeva: "Prezidentin fərmanı ölkədə korrupsiyanın qarşısının alınması baxımından mütərəqqi addımdır"

"Ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb". ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb: "Bildiyiniz kimi ASAN Xidmət Mərkəzlərində dünənə qədər 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərilirdi. Ölkə başçısının fərmanı ilə bu xidmətlərin çərçivəsi genişləndirilib. Bu xidmətlər siyahısına həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərin çərçivəsi genişləndirilidi. Əvvəllər mənzillərə yalnız təkrar çıxarış verilirdi. Artıq ilkin çıxarış da veriləcək. Buna əlavə olaraq fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi həyata keçiriləcək. O cümlədən hərbi qeydiyyata düşmə və hərbi qeydiyyatdan çıxma prosedurları da səfərbərlik və hərbi çağırış dövlət xidməti tərəfindən ASAN Xidmət Mərkəzlərində həyata keçiriləcək. Ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb".
İnam Kərimov həmçinin bildirib ki, inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xdmət ilə həyata keçiriləcək: "Digər bir yenilik isə elektron xidmətlərlə bağlıdır. Xüsusi ilə inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xidmət ilə həyata keçiriləcək. Bunun əsas məqsədi inzibati cərimələr barədə vətəndaşların məlumatlandırılmasıdır. O cümlədən inzibati cərimələrin elektron vasitələrlə və mobil vasitə ilə ödənilməsi həyata keçirləcək. Həmçinin ictimai yerlərdə, yanacaq doldurma mərkəzlərində xüsusi terminallar quraşdırılacaq. Vətəndaşlar inzibati cərimələri xüsusi terminallar vasitəsi ilə ödəyə biləcəklər".
Xatırladaq ki, dövlət başçısı fevralın 11-də "ASAN xidmət"in fəaliyyətinin genişləndirilməsinə fərman verib.
"Beynəlxalq Şəffaflıq" təşkilatının milli bölməsinin rəhbəri Rəna Səfərəliyeva "Media forum" saytına deyib ki, bu fərman ölkədə korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi baxımından mütərəqqi addımdır: "Təşkilatımız uzun illərdir ki, institusional islahatların həyata keçirilməsi üçün hökumətlə iş aparır. Belə ki, dövlət qurumları ilə birgə keçirilən dəyirmi masalarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün təkliflər verilir və hesabatlar hazırlanır. ASAN mərkəzlərinin formalaşdırılması, fəaliyyətinin genişləndirilməsi, göstərilən xidmət növlərinin artırılması ilə bağlı xeyli təkliflərimiz olub və sevindirici haldır ki, hökumət bu istiqamətdə işlər görüb. 11 fevral fərmanı da bizim üçün xüsusi önəm kəsb edir. Belə ki, hələ 29 aprel 2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi və digər dövlət qurumlarının iştirakı ilə təşkil etdiyimiz dəyirmi masada təqdim etdiyimiz paketdə əsas məqamlardan biri məhz mənzillərin ilkin və təkrar qeydiyyatının ASAN mərkəzlərində aparılması idi. Dövlət qurumlarına 24 yanvar 2014-cü ildə təqdim etdiyimiz hesabatda da mənzillərin təkrar qeydiyyatı ilə yanaşı ilkin qeydiyyatının da ASAN mərkəzlərində həyata keçirilməsi məsələsi əksini tapmışdı. Əgər əvvəllər "ASAN xidmət" fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa, artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək. Tətbiq ediləcək "ASAN ödəniş" isə məmurlarla vətəndaşların təmasını minimuma endirmək və mümkün korrupsiya riskini aradan qaldırmaq istiqamətində uğurlu addımdır. Artıq uzun illərdir ki, vətəndaş cəmiyyətinin üzvləri məmur-vətəndaş təmasının mümkün qədər azaldılması və bu istiqamətdə elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması ilə bağlı fikirlər səsləndirirlər. Son yeniliklər göstərir ki, dövlət vətəndaş cəmiyyətinin səsləndirdiyi konstruktiv təklifləri diqqətə alır və qarşılıqlı əməkdaşlıq imkanları genişləndirilir. Bu, çox sevindirici məqamdır".