İmtahandan qorxmayan müəllimlər... Hadisə

İmtahandan qorxmayan müəllimlər...

Bilirik ki, Orta ümumtəhsil məktəblərində qadın müəllimlər çoxluq təşkil edir. Kişilərin məktəbi tərk etməsi ötən əsrin 90-cı illərindən başladı. Bəs dünyada bu tendensiya necədir? Amerika Birləşmiş Ştatlarında kişilərin məktəbi tərk etməsinin səbəbləri ilə bağlı keçirilmiş bir sorğu diqqətimi çəkdi: kişilərin 64,6%- i deyib ki, əməkhaqqı onları qane etməyib, 12,4% -i deyib ki, bu peşədə karyera inkişafı mümkün deyil, 10%-i deyib ki, qadın kollektivi ilə işləmək mümkün deyil, 13 %-i isə deyib ki, müəllim peşəsi artıq qadın peşəsidir. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, problem artıq çoxdan lokal xarakter daşımır.
Təhsil nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi imtahanda da müşahidə etdik ki, müəllim olmaq istəyənlərin əksəriyyəti qadınlardır. Millət vəkilləri və media kapitanları ilə izlədiyimiz bu prosesdən ilk qənaətim bu oldu ki, imtahan verənlər sıxıntı və həyacan keçirmirdilər. Deyəsən müəllim olmaq istəyənlər artıq imtahanlara adaptasiya olunubar. Həqiqət naminə deməliyik ki, böyük zəhmət hesabına başlanan bu prosesin ideya müəllifi keçmiş Təhsil naziri Mikayıl Cabbarovdur. Onun biliyi və iradəsi hesabına bu iş baş tutdu. Müəllimlərin biliyinin qiymətləndirilməsinin əks effektinin olacağından da danışanların sayı çox idi. Ancaq gedişat göstərdi ki, biliyi qiymətləndirilib işə qəbul olunmuş müəllimlər dərs prosesinə daha məsuliyyətlə yanaşırlar. Onlar artıq kiminsa qarşısında gözükölgəli olmurlar. Sanki böyük bir tabloda minlərlə müəllim olmaq istəyənlərin bilik göstəriciləri həkk olunur. Müşahidələrimiz göstərdi ki, prosesin şəffaf və nizamlı aparılması imtahan verənlərdə optimist hissləri gücləndirir. Dünənki Mediaturun ikinci böyük əhəmiyyəti ondan ibarət oldu ki, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ilə Orta təhsildəki uğurlar və problemlər ətrafında söhbət apara bildik.
Amerika Birləşmiş Ştatlarında 1991-ci ildə "İlin müəllimi" seçilmiş M. Bivukaris "ideal müəllimi" belə təsvir edir: "Hökmən şagirdlərini sevməli, onların sevimlisinə çevrilməli, şəxsi fikir hüququna hörmətlə yanaşmalı, qəyyumluq altında olanları müdafiə etməyi bacarmalıdır". Düşünürəm ki, imtahan verib müəllimlik fəaliyyətinə başlayanlar üçün bu fikir maraqlı ola bilər.
İnkişaf etmiş ölkələrdə müəllim işləmək istəyənə 2 diplom vacibdir: universitet hazırlığı diplomu və peşəkar yararlılıq diplomu. Müəllimlərin işə qəbulu üçün keçirilən imtahanlar ilkin olaraq peşəkar yararlılığı təsdiqləyir.
Müəllimlərin işə qəbulunun imtahanla həyata keçirilməsi və onların biliklərinin diaqnostik qiymətləndirilməsi zamanın tələbidir. Təhsil sistemi inkişaf etmiş ölkələrdə müəllimlərin daha yaxşı dərs demələri üçün çox ciddi işlər görülür. Buölkələrdə müəllimlərin özləri biliklərinin qiymətləndirilməsi üçün təşəbbüs göstərirlər. Müəllim olmaq istəyən şəxs biliyinin qiymətləndirilməsindən çəkinməməlidir. Çünki onun üzərinə gələcəyimizə cavabdehlik kimi böyük missiya düşür.
İyulun 18-də keçirilən mediatur onu göstərdi ki, imtahanların şəffaf və obyektiv keçirilməsində Təhsl nazirliyi maraqlıdır. Bu başa düşüləndir. Çünki yalnız bilikli müəllimlərlə keyfiyyət göstəricisini yüksəltmək olar. Bu həm də cəmiyyətin tələbidir.
P.S. Rusiyada Kazan liseyinin məzunu olmuş 2017- ci il Beynəlxalq Olimpiadanın kimya üzrə qalibi Ruslan Kotlayarov deyir ki, bizim məktəblərdə daha çox ixtisaslaşmış müəllimlərə ehtiyac var: "Təəssüflər olsun ki, Pedaqoji İnstitutlar bu problemi lazımınca həll edə bilmirlər. Mənim düşüncəmə görə müəllimlərin içərisində magistraturanı bitirənlər, yaxud namizədlik müdafiə edənlər çox olmalıdır"

Etibar Əliyev
təhsil eksperti