Nostrifikasiya ilə bağlı sənəd qəbuluna başlanıb Hadisə

Nostrifikasiya ilə bağlı sənəd qəbuluna başlanıb

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyənləşdirilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanıb. Təhsil Nazirliyindən bildiriblər ki, təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədilə dəyişikliklər həyata keçirilib. Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə rahat şəkildə təqdim olunması üçün qeyd edilən səhifədə müvafiq "Müraciət qaydaları" bölməsi yaradılıb və tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən "Mütəmadi verilən suallar" bölməsi istifadəyə verilib. Elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir.
Vətəndaşların diqqətinə çatdırılır ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə əldə etmək mümkündür. Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.