Prezident Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib Hadisə

Prezident Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.
Son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verdi.
Bildirildi ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın "Evrascon-AzVirt" Birgə Müəssisəsi, Türkiyənin "Kolin İnşaat Sanayi Turizm və Ticarət", həmçinin "Özgün Yapı Sənaye və Ticarət", o cümlədən digər nüfuzlu xarici şirkətlərdir.
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.