Nəqliyyat Nazirliyindən ilginc qərar Hadisə

Nəqliyyat Nazirliyindən ilginc qərar

Azər Allahverənov: "Bu addım insanlara xeyirdən çox zərər verəcək"
Yaqub Novruzəliyev: "Kənar maşınların daxil olmasını nisbətən azaltmaq üçün xüsusi dayanacaqlar olacaq"

Bakıda tıxacları aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi qəribə qərar qəbul edib. Bundan sonra rayonlardan Bakıya gələn avtomobillər şəhərə buraxılmayacaq. Nazirlik bunu rayonlardan gələn sürücülərin bəzən yol qaydalarını bilməməsi və bu səbəbdən də şəhərdə qəzalar törətməlirilə izah edir. Nəqliyyat Nazirliyindən bildirirlər ki, problemin həlli istiqamətində artıq layihələr də var.
Belə ki, Bakıda rayondan gələn avtomobillərin park edilməsi üçün xüsusi dayanacaqlar yaradılacaq. Yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq.
Rayondan gələn sürücü maşını burada qoyacaq və istədiyi yerə ictimai nəqliyyat, yaxud taksilə gedəcək. Nazirlikdən bildirilir ki, bu paytaxtda tıxacların azalmasına səbəb olacaq. Nazirliyn mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, hələlik bu addım məcburi yox, könüllü xarakter daşıyır: "Hələlik bu məcburi deyil, könüllüdür. Lakin belə davam edərsə, bunu məcburi şəkildə edəcəyik".
Ekspertlər isə bunu məcburi tətbiq etməyi uğursuz addım hesab edirlər. Nəqliyyat üzrə ekspert Azər Allahverənovun ümumiyyətlə bu addım insanlara xeyirdən çox zərər verəcək.
Onun sözlərinə görə, rayondan Bakıya gələnlərin məqsədləri müxtəlif olur: "Bəziləri şəhərə xəstə, bəziləri kənd təsərrüfatı məhsulları gətirir. Onlar öz avtomobillərilə Bakıya gələndə, çəkdikləri xərc də az olur. Lakin onlar şəhərə buraxılmadıqda məcbur olacaqlar ki, əlavə xərc çəksinlər". Ekspertin fikrincə, belə bir ideya varsa, bu könüllü olmalıdır. Bundan başqa, bu layihə hazırlanarkən kiçik nüanslar nəzərdən qaçmamalıdır: "Həmin dayanacaqlardan şəhərin istənilən nöqtəsinə ictimai nəqliyyat işləməlidir. Bu nəqliyyat vasitələri də kifayət qədər ucuz olmalıdır. Yəni həmin nəqliyyat vasitələri dövlət tərəfindən təşkil olunmalıdır. Əgər belə olarsa, bəlkə o zaman bu ideya öz bəhrəsini verər".
Ekspertin sözlərinə görə, bu addım tıxacın azaldılmasına çox az şəkildə təsir edəcək: "Düşünürəm ki, bunu geniş şəkildə yox, sadəcə pilot layihə kimi həyata keçirtmək olar. Yəni şəhərin girişlərində dayanacaqlar qurmaq olar. Lakin bunu məcburi etmək olmaz".
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Yaqub Novruzəliyev deyib ki, rayonlardan gələn avtomobillərin paytaxta buraxılmayacağı ilə bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakının avtomobil yollarında yaşanan tıxac problemini həll etmək məqsədi ilə paytaxt ərazisində çoxlu sayda parkinqin tikintisi nəzərdə tutulub.
Onun sözlərinə görə, məsələnin məğzi ondan ibarətdir ki, Bakıda tıxacların qarşısını almaq, o cümlədən kənar maşınların daxil olmasını nisbətən azaltmaq üçün xüsusi dayanacaqlar olacaq: "Belə bir tədbir nəzərdə tutulub. Hesab edirəm ki, bu, çox düşünülmüş addımdır. Amma bu gün belə bir tədbir icra edilmir".
Qeyd edək ki, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov da bir müddət əvvəl paytaxtda yaşanan tıxacların qarşısını almaq məqsədilə yeni avtomobil dayanacaqlarının, xüsusən Bakının giriş və mərkəzi hissəsində tikiləcəyini bildirib. Onun sözlərinə görə, yeni avtodayanacaqların inşası sayəsində sürücülər şəhərə girmədən avtomobillərini parkinq edərək, ictimai nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə gələ biləcəklər: "Bu, uzun müddətə nəzərdə tutulan proqrama daxildir. Proqrama əsasən, şəhərin giriş qapılarında, Sumqayıt-Bakı yolunda, Şıx çimərliyi yaxınlığında, Lökbatandan istiqamətindən başlayaraq mərkəzə doğru və mərkəzin özündə böyük parkinqlərin salınması nəzərdə tutulub".

Əli