Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunub Hadisə

Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunub

Dekabrın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş təntənəli yubiley yığıncağı keçirilib. Tədbirdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, institut və təşkilatların direktorları iştirak ediblər. Əvvəlcə Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, akademik Ziya Bünyadovun barelyefinin açılışı olub. Daha sonra iştirakçılar böyük alim, pedaqoq, professor Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş stendlə və Şərqşünaslıq İnstitutunun elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Akademiyanın Əsas binasında təşkil olunan yubiley yığıncağını giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Alim Şərqşünaslıq İnstitutunun 60 ildə keçdiyi şərəfli yola nəzər salaraq, bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Şərq ölkələrinin dili, tarixi, dini-fəlsəfi irsinin tədqiqi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmalardan, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs edib. Bildirib ki, institut dərin tarixi köklərə söykənən Azərbaycan şərqşünaslığının təməli üzərində qurularaq istər keçmiş sovet və hazırkı postsovet məkanında, istərsə də bütövlükdə dünya şərqşünaslıq elmində öz layiqli yerini tutub.
Akademik Akif Əlizadə bu müəssisənin alimlərinin elmi nailiyyətlərinin hər zaman dövlət tərəfindən yüksək qiymətləndirildiyini deyib. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının fəxri adlara layiq görüldüyünü, orden və medallarla təltif edildiyini xatırladan alim bu sənədin elmimizə göstərilən diqqət və qayğıya daha bir nümunə olduğunu vurğulayıb. AMEA rəhbəri institutun kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara yaradıcılığında uğurlar arzulayıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanda humanitar və ictimai elmlər sahəsində xüsusi mövqeyi olan Şərqşünaslıq İnstitutunun fəaliyyəti dövründə bu müəssisədə böyük elmi məktəblərin yarandığını vurğulayıb. Bildirib ki, bu gün institutda çalışanların əksəriyyəti akademiklər Ə.Əlizadə, Z.Bünyadov, H.Araslı, professorlar A.İmanquliyeva, R.Əliyev kimi böyük alimlərin yaratdığı elmi məktəblərin bilavasitə şagirdləri və davamçılarıdır.
"Şərqşünaslıq İnstitutu ölkəmizdə şərqşünaslıq üzrə əsas elmi tədqiqat mərkəzidir" – deyən İ.Həbibbəyli bu müəssisənin yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasında və beynəlxalq əlaqələrdə Azərbaycan dövlətinin apardığı siyasətə elmi dəstək verməsində mühüm rolunu qeyd edib. Bildirib ki, beynəlxalq əlaqələrin elmi əsaslarla ardıcıl siyasət üzrə inkişaf etdirməsinə institut sanballı töhfələrini verir. Tədbirdə çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bu elm ocağında Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirinin sistemli şəkildə araşdırıldığını deyib. Alim bildirib ki, şərqşünas alimlər dövlətçilik ənənələrini, türkologiyanı, tarixi irsimizi, milli maraqları yenidən öyrənməli, yeni metodoloji konsepsiyalar ortaya qoymalı və multikulturallıq və tolerantlıq ənənələrini təbliğ etməlidirlər.
Daha sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "60 illik şərəfli yol" mövzusunda məruzə ilə çıxış edib. Alim rəhbərlik etdiyi müəssisəsinin yaranma tarixi, inkişaf mərhələləri, elmi istiqamətləri və əldə olunan mühüm nəticələr barədə ətraflı məlumat verib. Bildirib ki, institutda müasir Qərb sivilizasiyasına tarixi təkamül prosesində çoxəsrlik Şərq mədəniyyətinin təsiri, Qərbin sürətli iqtisadi-texniki və mədəni tərəqqi təcrübəsinin Şərq ölkələrində məqsədyönlü şəkildə tətbiqi imkanları, qloballaşma şəraitində Şərq-Qərb münasibətlərinin ziddiyyətli məqamları, onların mahiyyəti və aradan qaldırılma yolları araşdırılır.
Diqqətə çatdırılıb ki, institut alimləri Şərqlə Qərbin qovuşduğu bir məkanda yerləşən ölkəmiz üçün müstəqillik şəraitində Qərb mədəniyyətinə yiyələnməklə milli mədəniyyətin fundamental dəyərlərini və mütərəqqi cəhətlərini qoruyub saxlamaq yollarını öyrənirlər. Əməkdaşlar, həmçinin ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparır, Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə, ictimai-fəlsəfi fikrinə dair ərəb və fars dilində olan qaynaqların tapılıb araşdırılması üçün səmərəli fəaliyyət göstərirlər.
G.Baxşəliyeva yubileyi ərəfəsində Şərqşünaslıq İnstitutunun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışdığını və milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını qeyd edib. Tədbirdə digər çıxış edənlər 60 illik tarixi olan Şərqşünaslıq İnstitutunun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən söz açıblar, yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırıblar.