“Bitum” yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlanıb İqtisadiyyat

“Bitum” yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlanıb

Azərbaycan gömrükçüləri tranzit yolu ilə ölkə ərazisindən keçirilməyə cəhd edilən xüsusilə külli miqdarda psixotrop maddənin qarşısını alıb.

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində “don halda bitum” yükündə metamfetamin aşkarlanıb.

Belə ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına aparılan “don halda bitum” yükü olan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb olunub.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Yoxlama zamanı yükdə gizlədilən bağlamalar müəyyən edilib.

Baxış zamanı 53 ədəd “kərpic” formalı qablaşdırmada xalis çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.