Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir Hadisə

Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir

Bakıda II Avrasiya Hüquq Qurultayı keçirilir.
Tədbirdə ümumilikdə, 40 ölkədən 250 nümayəndə iştirak edir.
Qurultayda Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral və başqaları çıxış ediblər.
Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov öz çıxışında bildirib ki,
qeyri-demokratik sovet rejimində 70 il yaşamış Azərbaycan hüququn nə qədər vacib olduğunu yaxşı bilir: "Məşhur bir siyasətçinin dediyi kimi, sovet konstitusiyası insanlara bütün növ heyranedici hüquqlar nəzərdə tuturdu. Lakin bu hüquqlar boş vədlər idi. Çünki həmin sistem qanunun aliliyinə və həmin hüquqları təmin edən müstəqil məhkəmə hakimiyyətinə malik deyildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyətə xas Məhkəmə-Hüquq Şurası, məhkəmə hüquq sistemi yaradılıb".
Nazir müavini qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu proses daha da dərinləşdirilərək məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib: "Qanunvericilik əsaslı surətdə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, müvafiq infrastruktur konseptual baxımdan müasirləşdirilib. Bu gün də davamlı xarakter daşıyan məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı Dünya Bankı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hakimlərin seçimində tətbiq edilən prosedurlar Avropa Şurası tərəfindən digər dövlətlərə tövsiyə edilir".
Azər Cəfərov vurğulayıb ki, beynəlxalq təşkilatların fəaliyyətində bəzən beynəlxalq hüquq prinsiplərinin gözlənilməməsinə, pozulan insan hüquqlarının bərpasının sonadək nail olunmamasına, ikili standartların tətbiqinə rast gəlinir: "Məsələn, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunsa da, işğalçı onun icrasına məcbur edilmir. Buna oxşar sənədlər Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa İttifaq və digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib".
Azər Cəfərovun sözlərinə görə, son hadisələr, o cümlədən ötən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tapıb tətbiq edilməsinə, birgə səyləri daha da gücləndirməyi daha vacib edir: "Bu, hüquq çərçivəsində olmalıdır. Terrorçuluqla mübarizədə ekstradisiya, hüquqi yardım sahəsində əməkdaşlığa diqqət artırılmalıdır. Azərbaycan universal və regional konvensiyalardan irəli gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib".
Azər Cəfərov bildirib ki, bu, xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir: "FETÖ" terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir".
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Qurultayda çıxışı zamanı bildirib ki, Azərbaycan torpaqlarının işğal altında qalması ən böyük ədalətsizlikdir.
Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: "Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə fəaliyyəti görmürük".
Onun sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışırlar: "İraqda, Əfqanıstanda, Suriyada baş verənlər də bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var".
Qurultay dekabrın 18-də başa çatacaq.