“Prezidentin çıxışı mühüm mesajlarla yadda qaldı” Gündəm

“Prezidentin çıxışı mühüm mesajlarla yadda qaldı”

“Prezidentin dünənki çıxışı Azərbaycanın milli kimliyi, tarixi yaddaşı və müasir siyasi mövqeyini vahid xətt üzrə təqdim edən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən danışmaqla ölkəmizin yalnız siyasi deyil, həm də zəngin mənəvi və mədəni irsə sahib olduğunu vurğuladı”.

Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

O qeyd edib ki, Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi birləşdirici rol oynaması xüsusi qeyd edildi: “Bununla yanaşı, İslam həmrəyliyinin ölkəmiz üçün sadəcə şüar olmadığı, İƏT və ICESCO çərçivəsində həyata keçirilən təşəbbüslər, eləcə də 2017-ci ildə keçirilmiş İslam Həmrəyliyi Oyunları kimi praktiki addımlarla təsdiqləndiyi göstərildi. Bu yanaşma Azərbaycanın türk, Qafqaz və İslam dünyaları arasında körpü rolunu daha da möhkəmləndirir”.

Z.Qarayevanın sözlərinə görə, çıxışın əsas siyasi xəttini isə Qarabağ həqiqətləri, 30 illik işğalın ağır nəticələri və beynəlxalq təşkilatların illərlə nümayiş etdirdiyi ikili standartlar təşkil etdi: “Xocalı soyqırımı, 65 məscidin dağıdılması, şəhər və kəndlərin viran qoyulması xalqımızın heç vaxt unutmayacağı tarixi faktlardır. Prezident Ermənistanın işğalçı siyasətinə qarşı vaxtında sanksiyalar tətbiq edilmədiyini, əksinə, Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra ölkəmizin təzyiq hədəfinə çevrildiyini xatırlatdı və Avropa Parlamenti ilə bağlı sərt mövqeyini ifadə etdi”.

Politoloq həmçinin deyib ki, Azərbaycan xalqı öz gücü hesabına ədalətsizliyə son qoyaraq dünyada nadir presedent yaratdı, separatçıların və hərbi cinayətkarların qanun qarşısında cavab verməsini təmin etdi: “İndi əsas istiqamət Böyük Qayıdış, Qarabağın dirçəldilməsi və dayanıqlı sülhün qurulmasıdır; lakin sülhə doğru getmək tarixi unutmaq demək deyil. Bu mesajların cəmiyyətə daha təsirli çatdırılması üçün hər mövzu üzrə ayrıca posterlərin, qısa izahlı videoların və sosial şəbəkələr üçün yığcam, emosional məzmunların hazırlanması məqsədəuyğun olar”.

Röya İsrafilova