Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan konfrans keçirilib Hadisə

Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan konfrans keçirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Özbək dramaturgiyasının, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi" adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfrans Özbəkistan ədəbiyyatının klassiki, pedaqoq Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunub.
Azadinform xəbər verir ki, tədbirdə "Kaspi" Təhsil Şirkətinin rəhbəri Sona Vəliyeva, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, media nümayəndələri, tələbələr və Özbəkistandan dəvət olunan qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan millət vəkili Əflatun Amaşov Maqsud Şeyxzadənin həyat və yaradıcılığı barədə qısa məlumat verib: "M.Şeyxzadə şair, yazıçı, dilçi alim, ədəbiyyatşünas və eyni zamanda dramaturqdur. O, 1908-ci ildə Ağdaşda, əslən Qazax rayonunun Salahlı kəndindən olan Məsim Şıxıyevin ailəsində dünyaya gəlib. M.Şeyxzadə ibtidai məktəbi Ağdaşda bitirdikdən sonra Dərbəndə göndərilib. Ağdaşda tanınmış pedaqoq Mustafa Əfəndinin şagirdi olub. O, 1938-ci ildən ölümünə qədər Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda müəllimlik edib, kafedra müdiri, dekan işləyib. 1952-ci ildə millətçilikdə günahlandırılaraq həbs edilib. Daşkənd məhkəməsi ona 25 il həbs cəzası kəsib və Sibirə göndərilib. M.Şeyxzadə qısa həyatını Özbəkistan ədəbiyyatşünaslığının inkişafına həsr edib. O, bir şair kimi Özbəkistan ədəbiyyatına sərbəst vəzni gətirib və orada dramaturgiyanın əsasını qoyanlardan biri olub. Dahi dramaturq Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair əsərlər yaradıb. O, ölümünə - 1967-ci ilə qədər içindəki vətən həsrətini yazaraq təsəlli etməyə çalışıb".
Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan, şairin həyat və yaradıcılığından bəhs edən "İki xalqın iftixarı" adlı film təqdim olunub.
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanda gördüyü işlərdən danışıb: "Əgər Mərkəz yaranmasa və bugünkü fəaliyyəti olmasaydı Maqsud Şeyxzadə haqqında olan bu filmi də izləyə bilməzdik. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda böyük işlər görüb. Tək bu film deyil, orada böyük bir tərcümə mərkəzi də yaradılıb. Mərkəz Azərbaycan ədəbiyyatının Özbək dilinə çevrilməsi və orada tanıdılması, eləcə də Özbəkistan ədəbiyyatının Azərbaycan dilinə çevrilməsi və tanıdılmasına xidmət edir. Bu, M.Şeyxzadənin o vaxt əsasını qoyduğu həmin körpünün davamıdır. Noyabr ayının əvvəlində Hüseyn Cavidin seçilmiş əsərlərinin toplandığı kitabın təqdimatını elə M.Şeyxzadənin çalışdığı Nizami Gəncəvi adına Pedaqoji İnstitutda keçirdik. Orada Özbək ziyalılarının Azərbaycan ədəbiyyatına münasibətini gördüm. M,Şeyxzadə bu ədəbiyyatın orda əsasını qoyanlardan biridir. Bu gün o missiyanı Özbəkistanda Samir Abbasov çox ləyaqətlə davam etdirir. Əlbəttə, M.Şeyxzadə bu gün tədqiqat olunmağa, bütün dillərə tərcümə edilməyə layiq bir oğlumuz, həmçinin Özbək xalqının böyük ziyalısı və yazarıdır. Çox sevindim ki, filmdə Ağdaşlı müəllimə orada çıxış edəndə onu Azərbaycan şairi kimi təqdim etmədi. Çünki belə şairlər bölünmürlər. Türk dünyasına məxsusdurlar, amma çox haqlı olaraq Özbək dilində yazıb-yaratdığı, ordan məşhur olduğu üçün Özbək şairi kimi təqdim etdi. Belə şairlər haqqında sizindir, bizimdir demirik".
S.Vəliyeva əlavə edib ki, M.Şeyxzadə qəribçilik çəkmədən Özbəkistanda bütün çətinlikləri keçə bildi: "Çünki Özbək xalqı ona sahib çıxdı. Hərdən düşünürəm ki, M,Şeyxzadədə haradandır, o qədər mübarizlik, həyatın çətinliklərinə tab gətirmək və birdən də bu sualın elə öz cavabı gəlir. Maarifçi ailəsində dünyaya göz açmaq, atasının öz şəxsi hesabına açdığı məktəbdə təhsil almağı, orda Nəriman Nərimanovun məktəbə gəlməyi və onun dediyi şeiri "çap etdirərəm" kimi sözlə ifadə edərək ona ürək-dirək verməyi sualımı cavablandırır. Böyük insanların həyatında elə tarixi təsadüflər var ki, onları məşhurlaşdırır. Özbəkistandan qayıdandan sonra nə doğru olub ki, atası ona Özbəkistanı seçməyi məsləhət görüb. Özbəkistanda olanda mənə elə gəldi ki, Naxçıvandayam. Çünki Buxara daha çox Naxçıvana oxşayır. Görünür, M.Şeyxzadə Özbəkistandan doğma bir enerji almışdır ki, bu qədər məhsuldar yaradıcılığı olub. Avropa, Rus ədəbiyyatını Özbək dilinə çevirmək böyük bir səriştə tələb edirdi. Ədəbi tənqid sahəsində fəaliyyət göstərmək, pedaqoq kimi məşhurlaşmaq M.Şeyxzadənin tale yazısı və ziyalılıq bioqrafiyasını zənginləşdirən amillərdir".
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin oradakı fəaliyyət istiqamətlərindən danışıb: "Özbəkistanda çalışırıq ki, Azərbaycan mədəniyyətini, xalqlarımız arasındakı əlaqəni təbliğ edək. Bütün fəaliyyətimizi buna həsr etmişik. Bu cür tədbirlər xalqlarımız arasındakı dostluğu daha da möhkəmləndirir və ədəbiyyat tariximizə yeni-yeni töhfələr verir. Bu gün M.Şeyxzadənin ruhu burdadır və şad olur. Çünki biz onun yubileyini vətənində - Azərbaycanda qeyd edirik. O, Özbək ədəbiyyatında tanınmış tərcüməçi, pedaqoq və dramaturqdur. Ən əsası isə tanınmış azərbaycanlıdır. Qardaş Özbəkistanın ədəbiyyatında azərbaycanlılar yüksək rol oynamış və hər zaman bu ölkənin rifahı üçün çalışmışlar".
Tədbir Azərbaycandan və Özbəkistandan olan alimlərin, ziyalıların çıxışları ilə davam edib.
Sonda Özbəkistandan dəvət olunan nümayəndələrə Mətbuat Şurası tərəfindən diplomlar təqdim edilib.