“Hər bir vətəndaşın güzəranı dövlət başçısının diqqət mərkəzindədir” Hadisə

“Hər bir vətəndaşın güzəranı dövlət başçısının diqqət mərkəzindədir”

Elman Məmmədov: "Əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir"


Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli Sərəncamı dövlət başçısı tərəfindən aztəminatlı ailələrin maddi təminatlarının gücləndirilməsinə göstərilən xüsusi qayğının növbəti təzahürüdür.
Sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsində maddi təminatlarına dəstək olacaq. Nazirlik birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin edəcək.
Məlumatda o da qeyd olunur ki, son 15 ildə Prezident İlham Əliyevin sosialyönümlü siyasətinə uyğun olaraq həyata keçirilmiş ardıcıl tədbirlər, mühüm sosial-iqtisadi nəticələrə yönələn proqramlar ölkədə rifah halının mütəmadi yaxşılaşmasına imkan verməklə, əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisinin əhəmiyyətli şəkildə azalmasına, yoxsulluğun 49 faizdən 5 faizə düşməsinə səbəb olub. Həmin dövrdə əhalinin sayının 1,5 milyon nəfər artmasına, əmək bazarına daxil olan işçi qüvvəsinin ildən-ilə çoxalmasına baxmayaraq, dövlət məşğulluq siyasətinin güclənməsi, yeni iş yerlərinin açılmasının davamlı xarakter alması, aktiv məşğulluq tədbirlərinin geniş miqyas alması nəticəsində işsizliyin kəskin şəkildə azalaraq 5 faizə düşməsinə, əmək bazarında sabitliyə nail olunub. Bu gün Azərbaycan Avropa və MDB məkanında ən aşağı işsizlik göstəricisinin olduğu ölkələr sırasındadır.
Millət vəkilləri və ekspertklər bu qərarı şərh ediblər.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıcaq istiqamətlərindən birini təşkil edir. Deputatın sözlərinə görə, aztəminatlı ailələrimiz, şəhid, Qarabağ əlilləri olan ailələrimiz, hərbçi ailələrimiz hər zaman cənab Prezidentimiz İlham Əliyevin diqqətində olublar və həmişə də ölkə başçısı onlara bütün sahələrdə lazımi köməkliyini göstərib. Bu da həmin istiqamətlərdən birini təşkil edir. Cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamına əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Bu həmin ailələrimizə bir növ bayram hədiyyəsi idi. Hesab edirəm ki, bizlər hər birimiz bu addımı alqışlamalıyıq və cənab Prezidentimizə minnətdarlığımızı bildirməliyik. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılacaq".
Keşmiş maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov diqqətə çatdırıb ki, bu gün Azərbaycanda olduqca mükəmməl sosial siyasət həyata keçirilir: "Bunun nəticəsidir ki, ölkə əhalisinin rifahı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb və yoxsulluq səviyyəsi minimuma enib". Onun sözlərinə görə, dövlətin bu yöndə apardığı uğurlu siyasət nəticəsində insanların həyat səviyyəsi yüksəlib: "Məsələn, dövlət mənzilə ehtiyacı olan aztəminatlı və digər bu kimi təbəqədən olan vətəndaşların evlə təmin olunmasına xüsusi diqqət yetirir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin atdığı addımlar müsbət xarakterlidir. Eyni zamanda, bu, çox səxavətli və dəyərli bir addımdır. Son 10 il ərzində bir sıra kateqoriyalardan olan minlərlə ölkə vətəndaşı dövlət hesabına pulsuz mənzillə təmin olunub. Bura şəhid ailələri, müharibə əlilləri, hərbçilər, məcburi köçkünlər və digər bu kimi statusa malik olan vətəndaşlar daxildirlər. Belə analoqlarla dünyanın çox az yerində rastlaşmaq mümkündür. Azərbaycan hökuməti vətəndaşların sosial maraqlarını qoruyaraq, bir sıra vətəndaşların pulsuz mənzillərlə təmin olunmasına xüsusi önəm verir. Bu, dövlətimizin ölkə vətəndaşlarına göstərdiyi diqqətin göstəricisidir. Dövlət bununla cəmiyyətə çağırış edir ki, Vətən uğrunda vuruşan, çalışan şəxslər hər zaman diqqət mərkəzində olacaq. Bununla bağlı əməyi olan insanlara xüsusi diqqət və qayğı göstəriləcək. Bütün bunlar həm də psixoloji baxımdan cəmiyyətdə çox yaxşı qarşılanır. Dövlət öz ölkəsinin azadlığı, torpaqlarının bütövlüyü uğrunda həyatını təhlükəyə atmış şəhidlərin ailələrinə, əlil insanlara bax bu cür qayğı göstərir. Bu həm də mənəvi-psixoloji cəhətdən çox yaxşı cəhətdir. Eyni zamanda, bu, gələcək nəsillərin tərbiyələndirilməsində, yetişdirilməsində və dövlətə bağlılığın güclənməsində mühüm rol oynayır. Hesab edirəm ki, bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. O cümlədən, elm adamlarına da bu cür qayğının göstərilməsinin əhəmiyyəti böyükdür. Digər tərəfdən ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq hazırda şəhid vərəsələrinə 11 min manat həcmində birdəfəlik müavinət ödənilməkdədir. Bundan başqa ötən günlərdə dövlət başçısı tərəfindən aztəminatlı ailələlərə 100 manat həcmində birdəfəlik ödəmə ayrılması barədə sərəncam imzalanıb ki, həmin vəsait də bayram ərəfəsində bu ailələrin hesablarna köçürüləcək. Yəni, Azərbaycanın həyata keçirdiyi sosial siyasətin demək olar ki, analoqu yoxdur. Bu məsələdə dövlətimiz nəinki qonşu ölkələrdən, həmçinin MDB və bir sıra Avropa ölkələrindən öndədir. Bütün bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin xidmətləri böyükdür". Ekspert onu da vurğulayıb ki, bu gün ölkəmizdə sosial siyasətin tərkib hissəsi olaraq səhiyyə sahəsində də ciddi islahatlar həyata keçirili: "Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə insan amili əsas olduğundan hökümət vətəndaşların sağlamlığının qorunması istiqamətində də ciddi işlər görür. Demək olar ki, son 15 ildə ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin böyük əksəriyyəti yenidən qurularaq müasir avadanlıqlarla təmin olunub. Eyni zamanda, ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən gün Prezident İlham Əliyevin Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı bu prosesi daha da sürətləndirəcək".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat İlham Məmmədov bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir: "Hər il ölkəmizdə müxtəlif kateqoriyalar üzrə əmək haqları artırılır, aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır". Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca istiqamətini təşkil etdiyini deyən deputat bildirib ki, ölkə başçısının "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamı buna bariz nümunədir. Onun sözlərinə görə, əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub: "Hələ 2003-cü il fevralında yoxsulluğun azaldılması haqqında ilk dövlət proqramı təsdiqlənib, 2008-ci ildə növbəti belə proqram qəbul edilib. Ümumiyyətlə, ölkəmizdə heç zaman sosial proqramların icrası təxirə salınmayıb. Hətta dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial layihələrin icrası istiqamətində işlər daha da gücləndirilib və bu sahə üzrə həyata keçirilən heç bir proqramın icrasında ləngimələr olmayıb. Təbii ki, bu, da Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülən sosial-iqtisadi siyasətin nəticəsidir". İ. Məmmədov qeyd edib ki, son 15 ildə ardıcıl olaraq həyata keçirilən tədbirlər, icra edilən dövlət proqramları sayəsində əhalinin aztəminatlı təbəqəsinin ümumu əhali nisbətində xüsusi çəkisi azalıb: " Azərbaycanda yoxsulluq səviyyəsi görülən işlər nəticəsində 49 faizdən 5 faizə düşüb. Bu amil Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir".
Millət vəkili Jalə Əliyeva deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətin daha bir təzahürüdür". Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və şəxsən cənab Prezident davamlı olaraq aztəminatlı ailələrə güzəştlər həyata keçirir və bununla bağlı sərəncamlar verir: "Təbii ki, bu son sərəncam da həmin sərəncamların davamı kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, həqiqətən də Azərbaycanda hər bir vətəndaşın həyatı, yaşayışı, güzəranı dövlət başçısının diqqət mərkəzindədir. də Cənab Prezidentin özünün də qeyd etdiyi kimi o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bu il ölkə başçısının hakimiyyətə gəlişinin 15 ili tamam olmaqla bərabər həm də ad günüdür. Bu münasibətlə biz cənab Prezidenti ürəkdən təbrik edir. Ölkə rəhbərinin atdığı bütün addımlar onu göstərir ki, o həqiqətən də ilk gündən and içdiyi vədinə sadiq qalıb və gecə-gündüz Azərbaycan xalqının rifahı naminə çalışır. Beləliklə, cənab Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir".