Bu il ICOM Azərbaycan Milli Komitəsi üçün məhsuldar il olub Hadisə

Bu il ICOM Azərbaycan Milli Komitəsi üçün məhsuldar il olub

Yola salmaq üzrə olduğumuz 2018-ci il ICOM Azərbaycan Milli Komitəsi üçün uğurlu il kimi yadda qalıb.
Bu il komitə üçü beynəlxalq olmaqla dörd irihəcmli tədbir keçirilib.
Bu tədbirlərdən biri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunmuş Novruz şənliyidir. Sözügedən layihə Azərbaycan Xalça Muzeyi və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Tədbir zamanı, muzey və qoruğun qadın əməkdaşları tərəfindən şəkərburanın hazırlanması üzrə ustad dərsləri də keçirilib. Bunda başqa, ICOM Azərbaycan Milli Komitəsi 18 may - Beynəlxalq Muzeylər Günü ilə bağlı bir sıra tədbirlər reallaşdırıb. Muzeylər Gününün builki devizi "Muzeylər hiperkommunikasiya dövründə: yeni yanaşmalar, yeni auditoriyalar" adı altında təşkil edilib.
Bununla bağlı Azərbaycan Xalça Muzeyində "Öz ilməni toxu" adlı uzunmüddətli interaktiv installyasiya işə salınıb. Muzeyin foyesində üç ədəd böyük ölçülü çərçivə-dəzgah quraşdırılmış və muzeyə gələn hər bir tamaşaçı öz zövqünə görə ip seçərək xovsuz "zili" xalçasının toxunma prosesində iştirak etmək şansı əldə edib.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "İçərişəhərin açarları" adlı interaktiv kvest, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Qala sakinin evində bir gün" adlı layihə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə "Muzeydə rəqslər" tədbiri gerçəkləşib. Azərbaycan Milli İncəsənət Muzeyində ölkəmizin nonkonformist rəssamları Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin işlərindən ibarət "Andeqraund. Yeni həyat" sərgisi təşkil olunub. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş fotosərgi açılıb.
Oktyabrda Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə komitələrinin (DEMHIST) "Dekorativ sənət və interyer" adlı konfransı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST), Azərbaycan Milli İncəsənət Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və "Az-Granata" şirkətinin dəstəyi ilə baş tutub.
Konfransa Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan və Türkiyədən olan nümayəndələr qatılıb. Konfrans zamanı 23 yerli və xarici iştirakçının məruzələri dinlənilib, dinləyicilərə Azərbaycan evlərinin klassik interyer dizaynı, tekstilin interyerdə rolu, dekorativ sənət muzeylərinin müasir dünyada əhəmiyyəti haqqında materiallar təqdim olunub.
Konfrans çərçivəsində, "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından bədii tikmələr" kitabının təqdimatı da keçirilib. Bu kitab UNESCO-nun "Üzv Dövlətlərin 2016-2017-c i illər üzrə İştirak Proqramı" çərçivəsində nəşr olunub. Kitabın müəllifi Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.
Konfransdan sonra Beynəlxalq Muzeylər Şurasının (İCOM) prezidenti Suay AksoyAzərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya təşəkkür məktubu göndərərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Noyabrda isə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunub.
Ustad dərslərdə tekstil kolleksiyalarını mühafizə edən muzey əməkdaşları, tekstil üzrə bərpaçı və konservatorlar, həmçinin müvafiq peşə üzrə təhsil alan tələbələr və bu sahənin digər mütəxəssisləri iştirak edib. Ustad dərslərinin keçirilməsi məqsədi ilə Doha (Qətər) şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunmuşdur. Ustad dərslərin proqramı "Tarixi tekstilin konservasiyası" mövzusunda mühazirə və praktiki dərslərdən ibarət idi.
Öz növbəsində, 2018-ci il ərzində ICOM Azərbaycan Milli Komitəsinin 12 üzvü Kəlküttə, Moskva, Frankfurt-Mayn, Paris, Tbilisi, Riqa, Yurmala, Fucou şəhərlərində keçirilən müxtəlif tədbirlərdə iştirak edib.
Ən nəhayət, 2018-ci ildə Milli Komitə üzvlərinin sayı 30 faiz artaraq 109-dan 141-ə çatıb.