“Hər ay 1137 ailə dağılır” Hadisə

“Hər ay 1137 ailə dağılır”

Aqiyyə Naxçıvanlı: "Ailələrin dağılmasına səbəb kimi ev, maşın, mülk daha çox üstünlük təşkil edir"

"Əvvəllər ailənin dağılmasında əsas məsələ sonsuzluq göstərilirdi. Bu gün uşaqlı ailələrdə boşanma artıb. Bir uşaqlı ailələrdə boşanma 71 faizə çatıb. Gənclər ailəyə oyun kimi baxırlar. Bu çox acınacaqlıdır"
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlı "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda keçirilən tədbirdə deyib.
A.Naxçıvanlı ötən il boşanma halların çoxalmasının narahatlıq doğurduğunu bildirib: "2018-ci ilin 12 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 13655 boşanma halı qeydə alınıb. Demək olar ki, hər ay 1137 ailə dağılır. Ailələrin dağılmasına səbəb kimi ev, maşın, mülk daha çox üstünlük təşkil edir. Sevgi, səmimiyyət yavaş-yavaş uzaqlaşır. Evliliyə oyun kimi baxırlar. Bu nəsil o biri nəsilə acıq verir, dəbdəli toy edir, gənclər limuzinlə yola salınır, Maldiv adalarında istirahət edirlər və bir aydan sonra ailə yoxdur. Hər ay qəbula 30 nəfər gəlir. Hamısı mülk, uşaq və alliment davasıdır".
Komitə sədrinin fikrincə, araşdırmalar göstərir ki, tərəflərin bir-birini tanımaması, məişət zorakılığı, evlilikdən öncə ciddi düşünməmək, erkən nikah, məcburiyyət halları, maddi vəziyyət, kənar müdaxilələr, qayınana-qayınatalar ailə münaqişələrinə, məişət zorakılığına və boşanmalara gətirib çıxarır.
A.Naxçıvanlı, həmçinin qeyd edib ki, ailə siyasətində mənəvi dəyərlər olsaydı, belə hallar yaşanmazdı: "Şəxsiyyətin yetişməsində mühitdən əvvəl ailənin rolu böyükdür, əsas dəyərlər məhz ailədə qorunub saxlanılır və formalaşır. Ailə kiçik dövlətdir və öz qanunları var".
"Bir çox ailələr oğlana qız axtaranda onun az savadlı olmasına, evdən çölə çıxmamasına çalışır. Amma bunlar problemlər yaradır. Unudurlar ki, ailədə əsas məsələ tərbiyədir"-deyən komitə sədri qeyd edib ki, hər bir ailənin məqsədi öz övladına yaxşı təhsil vermək olmalıdır: "Düzdür, bu gün bəziləri qızı alanda söz verirlər ki, oxuyacaq, işləyəcək, amma sözlərini yerinə yetirmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir, heyvanı münasibətlərdir. Qızlarını başdan etmək üçün ərə verənlər əsasən ögey ata olan ailələrdir".
A.Naxçıvanlı qeyd edib ki, qeyri-rəsmi vətəndaş nikahları cəmiyyəti narahat edir. "Biz gənclərə deyirik ki, Avropadan yaxşı olan dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirir. İnanmıram ki, təhsilli ailədə olan gənc hər hansı təsirə düşsün və ailə probleminə barmaqarası baxsın. Amma bu gün bizim gənclərdə dözümlülük yoxdur, heç biri əziyyətə dözmür. Əvvəllər ailə qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərə ev-eşik verilir, hər şey edilir. Tövsiyyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünün. O zaman seçim də gözəl olacaq".