Azərbaycan diasporu: Niderland Hadisə

Azərbaycan diasporu: Niderland

Realliqlar və perspektivlər


Azərbaycanlıların yaşadıqları bütün ölkələrdə diaspor fəaliyyəti göstərmələri vacibdir. Amma nüfuzlu, inkişaf etmiş bir sıra ölkələr var ki, orada Azərbaycan diasporunun güclü olması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan diasporu kifayət qədər güclü olarsa, o zaman fəaliyyət göstərdikləri ölkə ilə Azəraycan arasındakı əlaqələrin inkişaf etməsinə töhfə vermə potensialına sahib ola bilərlər ki, bu da dövlətin qazancı deməkdir.
Azərbaycan diasporunun daha effektiv fəaliyyət göstərməsi zəruri olan dövlətlərdən biri də Niderlanddır. Niderland elmi, texnologiyası və kənd təsərrüfatı sahəsindəki uğurlarına görə dünyada qabaqcıl yerlərdən birini tutur. Məsələn, Niderland təkcə kənd təasərrüfatından illik 100 milyard dollar gəlir götürür. Avropa üzrə ən böyük şirkətlərdən bir çoxu Niderlandda fəaliyyət gösətririr. Təbii ki, bu ölkə ilə əlaqələrin daha da inkişaf etməsi Azərbaycan dövlətinin marağındadır. Bu səbəbdən də Azərbaycan diasporunun Niderlandda güclü oplması vacibdir. Məsələn, kənd təsərrüfatı naziri İnam Kərimovun holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin etməsi təsadüfi deyil.
Təəssüf ki, Azərbaycan diasporu hər ölkədə güclü və aktiv deyil. Bir sıra ölkələrdə Azərbaycan diasporunun nəzərəçarpacaq fəaliyyəti var ki, onlardan biri də Niderlanddır.
Ümumiyyətlə Azərbaycan diasporunun bu ölkədə fəaliyyətini necə qiymətləndirmək olar? Reallıqlar, problemlər və pertspektivlər nədən ibarətdir?


Rəsmi mövqe


Diasporla İş üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda Niderland Krallığında 14 Azərbaycan diaspor təşkilatı var və bu təşkilatlar qeydiyyatdan keçib, aktiv işləyirlər: "Niderlanddakı Azərbaycan diasporu bu ölkədə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızn ölkənin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərir. Hər il Niderlandda, diaspor təşkilatlarının təşkilatçılığı ilə, Azərbaycan mədəni irsinin dünyaya çatdırılması, Azərbaycan həqiqətlərinin təbliği, ölkəmizin müsbət imicinin formalaşdırılması, lobbi quruculuğu, soydaşlarımızın birgə fəaliyyəti, onların inteqrasiyası, eyni zamanda, milli mənsubiyyətini qoruyub saxlaması istiqamətində onlarla layihə və tədbir həyata keçirilir. Gələcəkdə bu tədbirlərin daha səmərəli və genişmiqyaslı olması üçün təşkilatların təşəbbüsü ilə Koordinasiya Şuraları təsis edilib. Birgə layihələrin reallaşdırılması istiqamətində işlər aparılır. Ümid edirik ki, təşkilatların birgə fəaliyyəti, birgə layihələrin həyata keçirilməsi, yalnız Niderlandda deyil, digər ölkələrdə də daha uğurlu olacaq".


6 dövlətdən biri


Niderlandda fəaliyyət göstərən "Connect" təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov bildirdi ki, Niderland Avropanın önəmli, söz sahibi olan ölkələrindən hesab olunur: "Bir faktı demək kifayətdir ki, Niderland bugünkü Avropa Birliyinin əsasını qoyan altı dövlətdən biridir. Bu ölkə bir çox sahələr üzrə dünyanın qabaqcıl ölkələri sırasındadır. Məsələn, kənd təsərrüfatı üzrə bu ölkə dünyanın ən qabaqcıl ölkələrindən biridir, üçüncü yerdə dayanır. Əhalisinin yaşayış səviyyəsinə görə dünyanın ən xoşbəxt xalqları sırasında Niderlandın əhalisi altıncı yerdə durur. Təhsilin inkişafı da öz yerində, dünyanın ən yaxşı ali təhsil ocaqları içərisində bu ölkənin üniversitetlərinin öz yeri var. Əlbətdə ki, siyahını uzatmaq da olar. Bütün bunlarla demək istədiyim odur ki, Niderland Avropa ölkələri içərisində öz çəkisi olan dövlətlərdəndir".


"Həmişə daha yaxşısı mümkündür"


V.Abbasov əlavə etdi ki, Niderlanddakı Azərbaycan diasporunun fəaliyətinin qiymətləndirilməsi sualına birmənalı cavab vermək bir qədər çətindir: "Niderlandlıların xoşuma gələn belə bir sözü var: "Həmişə daha yaxşısı mümkündür". Düşünürəm ki, həm buradakı, həm də dünyanın digər ölkələrindəki diasporumuz daha məhsuldar işləyə bilərlər. Bunun üçün lazım olan resurslar bizdə çox deyil. Diaspor fəaliyyəti çoxşaxəli anlayışdır. Bura milli bayramlarımızın keçrilməsindən tutmuş anım, tanıtım tədbirlərinin təşkilinə, ölkəmizi tanıtmağa, haqq səsimizi çatdırmağa qədər bir çox fəaliyyət daxildir. Bəzən biz istəyirik ki, bunların hamısını özümüz edək. Bu isə mümkün deyil. Sizə belə deyim, hər kəs daha yaxşı bacardığını etsə daha yaxşı nəticələr əldə etmək olar. Özüm daxil olmaqla fəaliyyətimizi tam qənaətbəxş hesab etmirəm ki, bunun da səbələri çoxdur. Bir daha deyirəm, istəklə, əzmlə imkanlar da üst-üstə düşməlidir. Birincisi nə etmək istədiyinə baxmalısan. Dahilərdən birinin belə bir sözü var: "Haraya üzmək istədiyini bilməyəndən sonra üzə bilməyinin faydası yoxdur". Odur ki, birinci hədəf, sonra hədəfə çatmaq üçün yol xəritən olmalıdır. Sonra xəritədən anlayışın olmaldır. Bundan başqa bu yolda sənə lazım ola biləcəkləri alman üçün vəsait lazımdır".


Niderland radiosunda Azərbaycan musiqisi


Konkret gördüyü işlərdən və bundan sonrakı planlardan danışan V.Abbasov dedi ki, bugünə qədər onlarla siyasət adamları ilə görüşüb, yerli qəzetlərə Azərbaycanla bağlı çoxsaylı məqalələr yazıb, müsahibələr verib, radioda çıxışlar edib, tədbirlər keçirib, tədbirlərdə iştirak edib və digər addımlar atıb: "İnternetdə azacıq araşdırma etmək kifayətdir ki, fəaliyyətimizin az bir hissəsi ilə tanış olasınız. Əlbətdə ki, onların hamısını bura sığışdıra bilmərəm. Son olaraq qatıldığımız radio proqramını xüsusi qeyd etmək istəyirəm. Veriliş təxminən bir saat çəkdi və altı müxtəlif Azərbaycan musiqisi səsləndi. Veriliş boyu isə Azərbaycanın ikiyə bölünməsindən tutmuş, müsəlman aləmində ilk demokratik respublikanı qurmağımıza, torpaqlarımızın işğalda olmasına, turizm imkanlarımıza və s. qədər danışıldı. Gələcək planlar belədir ki, mümkün qədər çox əlaqələr qurmağa, öz üzərimizdə işləməyə çalışırıq. Bəzən bir adamla tanış olursan, yaxud da bir məlumat əldə edirsən və illərlə ondan istifadə etmirsən. Ancaq o adamla əlaqəni saxlamalı olursan ki, nə zamansa sənə lazım ola bilər. Odur ki, bizim ən böyük planımız əlaqələr qurmaq, məlumatlar toplamaqdır. Təcrübə göstərir ki, bunların faydası çox olur. Hazırda universitetlərlə, şərqşunaslarla əlaqələrimizi genişləndirməyə, mətbuatla sıx işləməyə çalışırıq. Ölkəmiz haqqında qısa məlumatlar olan broşürlər çap edib qəzetlərin arasında evbəev paylayırıq. Bəzi məqamlar da var ki, onları ancaq işi gördükdən sonra açıqlaya bilərəm".


"Nəticə çox zəifdir..."


Niderlandda fəaliyyət göstərən "Niderlan Azərbaycan Evi"nin rəhbəri, Niderland və Belçikada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının üzvü Elxan Mirhəşimli də əvvəlcə gördüyü işlərdən danışdı: "Yerli siyasətçilərlə görüşərək Qarabağ problemi və Xocalı soyqırımı haqqında məlumat vermişəm və bu proses davam edir. Yerli iş adamlarını, turizm şirkətlərini Azərbaycana sərmayə qoymağa dəvət etmişəm. Lobiçilik fəaliyyəti üçün müxtəlif formalarda mexanizmlər hazırlayır və digər addımlar atıram". Elxan Mirhəşimli bildirdi ki, bu ölkə ilə daha geniş formada işləməli və ölkələrimiz arasında əlaqələrin inkişafına çalışmalıyıq. Onun fikrincə, dünyada ən məşhur şirkətlərin, bankların sahibləri, qurucuları, hissədarları arasında hollandlar çoxdur: "Bu faktı unutmamalıyıq. Bizlər yalnız haqq səsimizi duyurmaq, problemlərmizi danışmaqla kifayətlənmişik. Amma nəticə çox zəifdir. Niderland siyasi partiyalarının biri ilə sonuncu görüşümdə o qənaətə gəldim ki, ilk öncə problemlərimizi deyil, mədəniyyətimizi tanıtmalı və dostluq əlaqələrini genişləndirməliyik. Turizm sərgiləri, kənd təsərrüfatı sərgiləri, mədəniyyət günləri daima hər il təşkil olunmalı və Niderland şirkətlərini də dəvət etməliyik. Avropalılar dostluqlarını maraqlar üzərindən qurmağa daha çox meyllidirlər. Görüşlərdə holland iş adamları Azərbaycana sərmayə qoymağı yeni iş yerlərinin qurulmasında maraqlı olduqlarını deyir və təkliflər irəli sürürlər. Bizim iş adamlarının da Niderlandda iş qurmalarını istəyirlər. Mənim gələcək layihələrimdə nəzərdə tutduğum məqamlardan biri də digər sahələrin təmsilçiləri ilə yanaşı iş adamlarını da Azərbaycana gətirib əməkdaşlığı genişləndirməkdir. Bu işdə Azərbaycanda rəsmi qurumların dəstəyinə ehtiyacımız var".


"Gurultulu şüarlar səsləndirməkdə davam etsək..."


Onun sözlərinə görə, Niderland nəinki Avropada, ümumiyyətlə dünya səviyyəsində əhəmiyyətli bir ölkədir: "Təhsil, səhiyyə, kənd təsərrüfatı, vergi və digər sahələrdə onların təcrübəsindən yararlanmaq lazımdır. Bu təcrübələri Azərbaycanda da həyata keçirə biləcək Niderlandda təcrübə qazanmış soydaşlarımız var. Bu məsələlərdə onlardan da yararlanmaq olar. Azərbaycanın Niderlanddakı diaspor təşkilatları da artıq köhnə sistemlə fəaliyyətdən əl çəkməlidirlər. Artıq qapalı və məhdud zallarda Azərbaycan və Türkiyə türklərini yığıb "özümüz deyib özümüz eşitmək" prinsipi ilə fəaliyyəti bir kənara atmaq lazımdır. Tədbirlərə yerli media, yerli təşkilatlar, siyasətçilər dəvət olunmalıdır. Lobbicilik fəaliyyəti mexanizmini işləyib hazırlamaq lazımdır ki, təsir etmək imkanına malik olaq. Avropanın mərkəzində mitinqlərdə "Allahu Əkbər" qışqırmaq, gurultulu şüarlar səsləndirməkdə davam etsək bizi bizdən başqa duyan olmayacaq, əksinə radikalizmdə günahlandırılacağıq.... Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov böyük dəyişikliklərə, yeniliklərə start verib. Komitə rəhbəri ilə də görüşdə ümidverici vədlər verildi. Bütün təşkilatlar yeniliklər etməli, gənclər prosesə qatılmalıdırlar".


"Hollandlarla birgə planlaşdırdığımız işlər var"


"Ana Vəten" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Niderland və Belçikada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva isə bildirdi ki, Koordinasiya Şurası əlbəttə birləşdirici mövqe daşıyır: "Şura olaraq biz yeni yaranmışıq. İstəyirik ki, təşkilatlarmız birləşsin və daha sanballı işlər ortaya qoysunlar. Güc birlikdən doğar. Müşahidələrim deməyə əsas veriri ki, Niderlandda Azərbaycan diasporu çox fəaldır. Məsələn, 20 Yanvarla bağlı Niderland Parlamentinə müraciətlərimiz oldu. Xocalı soyqırımı ilə bağlı da müraciət göndərəcəyik. Azərbycanlılarla birlikdə Həmtəylik gününü qeyd etdik və s. Bundan başqa hollandlarla birgə planlaşdırdığımız işlər var. Həmçinin gənclərimizə də dəstək verməyə çalışırıq. İstəyirik ki, onlar siyasi və mədəni sahələrdə olduğu kimi elmi sahədə də fəaliyyət göstərsinlər, tanınsınlar. Çünki gənclərimizdən parlaq fikirlər görürük. Bizim əslində onlardan öyrənəcəyimiz çox şeylər var".


Əli Zülfüqaroğlu


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur