Azərbaycanlı dizayner Nyu-Yorkda kolleksiyasını təqdim edib Hadisə

Azərbaycanlı dizayner Nyu-Yorkda kolleksiyasını təqdim edib

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində özünün 22 modeldən ibarət "Butterfly Efffect" ("Kəpənək effekti") adlı yeni kolleksiyasını dünyanın əfsanəvi fashion məkanı olan "Springs Studio"da təqdim edib. Bbu kolleksiyanı yaratmağa dizayneri Şimali Amerikaya səfərlərindən birində gördüyü Monarx kəpənəyi ruhlandırıb: kəpənəyin təbii qara və narıncı rəngli naxış kolleksiya üçün istifadə olunan qara-boz, narıncı-qızıl, və zümrüdü yaşıl parçaların həm rənglərində, həm strukturunda əksini tapıb. Monarx kəpənəyinin qanadlarını xatırladan naxış nümunələri əsasında şifon, ipək, əl işi olan xüsusi krujeva kimi lüks parçalardan istifadə olunub. Bu parçalar ilə bəzəyən əl işləri libasların orijinallığından xəbər verir.
2019-2020-ci illər payız-qış mövsümünün kolleksiyasından danışan dizayner deyib ki, kəpənək gəlib gözəlliyini ifadə edib uçan tək, xanımlar da gəlib, o cür gözəl görkəmi ilə hamını heyran edib gedirlər. O, qeyd edib ki, yeni kolleksiya olduğuna baxmayaraq, bu kolleksiya əvvəlkindən çox fərqlənmir, çünki hər bir dizayner hər bir kolleksiyasında imzasını və karakterini daşımalıdır.
Rüfət İsmayıl hazırda ilk və yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - "Pitti Uomo" sərgisində də təqdim olunub. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda Həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci il sentyabrın 7-də moda həftəsi çərçivəsində onun "Power of fire" ("Alovun gücü") kolleksiyası nümayiş etdirilib. Bu kolleksiya moda tənqidçiləri və beynəlxalq mətbuat tərəfindən yüksək qiymətləndirilib.
Nyu-York Moda Həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə "Böyük Dörd" adlanan və dünyanın dörd ən əsas moda həftəsindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda isə yaz-yay trendləri nümayiş etdirilir. Amerika Moda Dizaynerləri Şurasının araşdırmalarına istinadən, New York Moda Həftəsinin iqtisadiyyata təsiri təxminən 887 milyon dollar səviyyəsində qiymətləndirilir.Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, "Afffair" moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.