Bu gün Novruzun ilk çərşənbəsidir Hadisə

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunacaq. Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Azərbaycanda martın 5-də Od, martın 12-də Yel çərşənbəsi eyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.