“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir” Dünya

“London və Brüssel arasında tərəfdaşlığın əhatə dairəsi genişlənir”

“Brexitdən sonra Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətlər əsasən ticarət və hüquqi mübahisələr fonunda inkişaf etsə də, son dövrdə təhlükəsizlik gündəliyi tərəfləri yenidən yaxınlaşdıran əsas amilə çevrilib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Alim Nəsirov deyib.

A.Nəsirov qeyd edib ki, Ukrayna müharibəsi göstərdi ki, Avropanın müdafiəsi ilə bağlı məsələlərdə Londonun imkanları və hərbi potensialı Aİ üçün mühüm əhəmiyyət daşıyır: “Bu səbəbdən müdafiə maliyyələşdirməsi və hərbi sənaye sahəsində əməkdaşlığın genişlənməsi siyasi zərurətdən irəli gələn addım kimi qiymətləndirilə bilər”.

Ekspert bildirib ki, digər tərəfdən, bu proses Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdığını da göstərir: “Böyük Britaniya Avropa İttifaqının institusional üzvü olmasa da, strateji məsələlərdə Brüssellə koordinasiyanı artırmağa üstünlük verir. Bu model gələcəkdə kəşfiyyat mübadiləsi, müdafiə texnologiyaları, hərbi istehsal və Ukraynaya dəstək istiqamətlərində daha geniş əməkdaşlığa yol aça bilər. Beləliklə, Brexit siyasi baxımdan qüvvədə qalsa da, təhlükəsizlik sahəsində London və Brüssel arasında praktik tərəfdaşlığın əhatə dairəsi getdikcə genişlənir”.

Röya İsrafilova