“Azərbaycan Mədəniyyətinin Yay Məktəbi” layihəsi iştirakçılarının Qarabağa səfəri yekunlaşıb Mədəniyyət

“Azərbaycan Mədəniyyətinin Yay Məktəbi” layihəsi iştirakçılarının Qarabağa səfəri yekunlaşıb

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan Mədəniyyətinin Yay Məktəbi” layihəsi çərçivəsində Qarabağ bölgəsinə təşkil olunan səfər başa çatıb.

Mədəniyyət Mərkəzindən bildirilib ki, “Azərbaycan Mədəniyyətinin Yay Məktəbi” layihəsi çərçivəsində iştirakçılar əvvəlcə Xankəndi şəhərini ziyarət ediblər.

Layihə İştirakçıları Qarabağ Universitetində ali təhsil müəssisəsinin fəaliyyəti və yaradılmış müasir tədris imkanları ilə tanış olublar. Onlara Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan universitetin işğaldan azad edilmiş ərazilərdə təsis edilən ilk dövlət ali təhsil müəssisəsi olduğu bildirilib. Qeyd olunub ki, müasir tədris infrastrukturu ilə təmin olunan universitetin əsas məqsədi region üçün yüksəkixtisaslı kadrlar hazırlamaq, elmi-tədqiqat mühitini inkişaf etdirmək və Xankəndinin yenidən mühüm elm və təhsil mərkəzinə çevrilməsinə töhfə verməkdir.

Daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasını və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əks etdirən Zəfər Parkı ziyarət olunub. Burada müharibənin gedişi, azad edilmiş şəhər və yaşayış məntəqələri, eləcə də Azərbaycan Respublikasının öz əraziləri üzərində suverenliyini tam bərpa etməsi barədə məlumatlar verilib. Vurğulanıb ki, Zəfər Parkı Qələbənin xatirəsini yaşatmaqla yanaşı, Xankəndinin dirçəlişini, dinc həyatın bərpasını və Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərini də simvolizə edir.

Layihə çərçivəsində iştirakçıların növbəti dayanacağı Bakı şəhəri olacaq.