
“ABŞ Dövlət Departamentinin Səudiyyə Ərəbistanına təxminən 1,96 milyard dollar dəyərində 20 minədək APKWS-II lazer yönləndirici dəstinin potensial satışını təsdiqləməsi Orta Şərqdə dəyişən təhlükəsizlik mühitinin və Vaşinqtonun yeni regional strategiyasının mühüm göstəricilərindən biridir. İlk baxışda söhbət növbəti silah müqaviləsindən getsə də, əslində, bu qərar ABŞ-nin Orta Şərqdə hərbi-siyasi mövqeyini qorumaq, İranın artan regional təsirini balanslaşdırmaq və müttəfiqləri ilə təhlükəsizlik əməkdaşlığını yeni mərhələyə çıxarmaq məqsədi daşıyır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
A.Qurbanova bildirib ki, son illərdə Orta Şərqdə təhlükəsizlik arxitekturası əhəmiyyətli transformasiya mərhələsinə daxil olub: “İranın raket proqramının genişlənməsi, pilotsuz uçuş aparatlarından istifadənin intensivləşməsi, regionda müxtəlif silahlı qrupların fəallaşması, eləcə də Qırmızı dəniz və Hörmüz boğazında baş verən insidentlər Körfəz ölkələrinin müdafiə imkanlarının gücləndirilməsini zəruri edib. Ona görə də, indiki məqamda ABŞ-nin Səudiyyə Ərəbistanının yüksək dəqiqlikli zərbə imkanlarını artırması regional çəkindirmə siyasətinin mühüm elementinə çevrilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, satışa çıxarılan sistemlər hücum xarakterli yeni raketlər deyil, mövcud idarəolunmayan raketləri yüksək dəqiqlikli silahlara çevirən APKWS-II lazer yönləndirici dəstləridir. Bu texnologiya müasir döyüş əməliyyatlarında hədəflərin daha dəqiq məhv edilməsinə, mülki itkilərin minimuma endirilməsinə və əməliyyatların səmərəliliyinin artırılmasına xidmət edir. Xüsusilə pilotsuz uçuş aparatları, mobil raket qurğuları və qeyri-dövlət silahlı qruplarına qarşı mübarizədə belə sistemlərin effektivliyi son illərdə özünü praktikada təsdiqləyib. Eyni zamanda, Vaşinqtonun bu qərarı ABŞ-nin Körfəzdə təhlükəsizlik təminatçısı statusunu qorumaq niyyətini nümayiş etdirir”.
Onun fikirlərinə görə, son dövrlərdə Çinin Səudi Ərəbistan ilə iqtisadi və texnoloji əməkdaşlığının genişlənməsi, Pekinin Tehran və Ər-Riyad arasında diplomatik yaxınlaşmada vasitəçi rolunu oynaması, Rusiyanın isə OPEC+ çərçivəsində Səudiyyə Ərəbistanı ilə koordinasiyanı dərinləşdirməsi ABŞ üçün yeni geosiyasi reallıq formalaşdırıb: “Belə şəraitdə Vaşinqton ənənəvi tərəfdaşlarının təhlükəsizlik ehtiyaclarını qarşılamaqla onların strateji istiqamətinin dəyişməsinin qarşısını almağa çalışır. Bu satış ABŞ müdafiə sənayesinin maraqları baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki böyük həcmli silah müqavilələri yalnız ixrac gəlirlərini artırmır, həm də uzunmüddətli texniki xidmət, modernizasiya və logistika əməkdaşlığı vasitəsilə tərəfdaş ölkələrin ABŞ hərbi texnologiyalarından asılılığını gücləndirir. Bu isə Vaşinqtona yalnız iqtisadi deyil, həm də siyasi təsir imkanları qazandırır. Digər mühüm geosiyasi məqam isə enerji təhlükəsizliyi ilə bağlıdır. Körfəz regionu dünya neft ixracının əsas mərkəzlərindən biri olaraq qalır. Hörmüz boğazı və Qırmızı dənizdə yaranan hər hansı təhlükəsizlik riski qlobal enerji bazarlarında ciddi qiymət dalğalanmalarına səbəb olur. ABŞ üçün bu marşrutların təhlükəsizliyi yalnız regional deyil, həm də qlobal iqtisadi sabitlik məsələsidir. Səudiyyə Ərəbistanın müdafiə imkanlarının gücləndirilməsi öz növbəsində bu strateji məqsədə də xidmət edir. Məsələnin diqqət çəkən tərəflərindən biri də ABŞ-nin Orta Şərq siyasətində müşahidə olunan yeni yanaşmadır. Vaşinqton əvvəlki illərdə olduğu kimi regionda hərbi kontingentini artırmaq əvəzinə müttəfiq ölkələrin müdafiə potensialını gücləndirməyə üstünlük verir. Bu model ABŞ üçün həm maliyyə baxımından daha səmərəli hesab olunur, həm də regional təhlükəsizlik yükünün tərəfdaşlarla bölüşdürülməsinə imkan yaradır”.
Politoloq diqqətə çatdırıb ki, ABŞ birbaşa hərbi iştirakını müəyyən qədər optimallaşdırsa da, təhlükəsizlik sisteminin əsas memarı statusunu qoruyub saxlayır: “Bununla yanaşı bu qərar İran tərəfindən də diqqətlə izləniləcək. Tehran ABŞ-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığının genişlənməsini öz təhlükəsizlik maraqları baxımından risk kimi qiymətləndirə bilər. Bu isə regionda silahlanma yarışının daha da sürətlənməsi ehtimalını artırır. Digər tərəfdən isə son illərdə Səudiyyə Ərəbistan ilə İran arasında diplomatik münasibətlərin bərpası fonunda hər iki tərəfin birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışdığı da nəzərə alınmalıdır. Ona görə də, silah satışını yalnız qarşıdurma hazırlığı kimi deyil, daha çox çəkindirmə və balanslaşdırma siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək daha məqsədəuyğundur. Nəticə etibarilə, ABŞ-nin Səudi Ərəbistana yeni hərbi paket təqdim etməsi adi silah satışı çərçivəsini aşan strateji qərardır. Bu addım Vaşinqtonun İranın regional təsirini balanslaşdırmaq, Körfəzdə hərbi-siyasi mövqeyini qorumaq, enerji təhlükəsizliyini təmin etmək və Orta Şərqdə öz müttəfiqləri vasitəsilə yeni təhlükəsizlik modeli formalaşdırmaq niyyətini nümayiş etdirir. Mövcud geosiyasi dinamika göstərir ki, yaxın illərdə Orta Şərqdə güc balansı məhz belə strateji qərarların təsiri altında yenidən formalaşa və qlobal təhlükəsizlik gündəliyinin əsas istiqamətlərindən biri olaraq qala bilər”.
Röya İsrafilova