Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır İqtisadiyyat

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Türkiyənin Toxum Yetiştiricileri Alt Birliği (TYAB) arasında Niyyət və Əməkdaşlıq Protokolu imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, protokolu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Toxum Yetiştiricileri Alt Birliyinin rəhbəri Miktat Olgun imzalayıblar.

Sənədin imzalanmasında əsas məqsəd iki ölkə arasında məlumat, təcrübə və müasir texnologiyaların mübadiləsini genişləndirmək, həmçinin aqrar sahədə insan kapitalının inkişafına və uzunmüddətli texniki əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Protokola əsasən, tərəflər təlimçilərin hazırlanması və fermerlər üçün təlimlərin təşkili, toxumçuluq və sertifikatlaşdırma sistemlərinin inkişafı, toxum istehsalı, emalı, saxlanması və logistikası sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, kənd təsərrüfatının mexanikləşdirilməsi, dəqiq əkinçilik, rəqəmsal və ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, bərpa olunan enerji həllərinin təşviqi, aqrar sahədə davamlılığın gücləndirilməsi, kənd təsərrüfatı yayımı və fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin məlumat və texnologiya transferinin genişləndirilməsi, aqrar innovasiyaların təşviqi və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması da əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Əməkdaşlıq çərçivəsində Azərbaycanlı mütəxəssislər, texniki heyət və qabaqcıl fermerlər üçün Türkiyədə tətbiqi təlim proqramları və texniki tanışlıq səfərləri təşkil olunacaq. Türkiyənin Tətbiqi Fermer Təlimi Layihəsi (UÇEP) çərçivəsində həyata keçiriləcək proqramlar toxumçuluq, müasir kənd təsərrüfatı texnologiyaları, rəqəmsal və dəqiq əkinçilik, sertifikatlaşdırma sistemləri, kənd təsərrüfatı texnikasından səmərəli istifadə və digər aktual mövzuları əhatə edəcək. Eyni zamanda, iştirakçılar aqrar sahədə fəaliyyət göstərən müəssisələrin və elmi-tədqiqat institutlarının qabaqcıl təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Medial

Medial