ADSEA daha bir kəndi içməli su ilə təmin etdi İqtisadiyyat

ADSEA daha bir kəndi içməli su ilə təmin etdi

Ağdaş rayonunun Pirəyir kəndi fasiləsiz içməli su ilə təmin olunub.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

İçməli su layihəsinin açılış mərasimində ADSEA-nın sədrinin birinci müavini Xəyyam Məmmədov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, millət vəkili Sahib Alıyev, ADSEA-nın sədrinin müşaviri Etibar Məmmədov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Ağdaş rayonu Pirəyir kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Ləki qəsəbəsini və Nehrəxəlil kəndini içməli su ilə təmin edən D280 mm diametrli magistral su kəmərindən birləşmə verilərək kənd ərazisində yeni paylayıcı su şəbəkəsi inşa edilib. Bu məqsədlə Pirəyir kəndində ümumi 8,5 km uzunluğunda su şəbəkəsi inşa edilərək 194 fərdi yaşayış evinə birləşmə verilib. Eyni zamanda əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə hər bir abonent su sayğacı ilə təchiz edilib.

Ümumilikdə Pirəyir kəndinin əhalisi 723 nəfər təşkil edir. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqəsinin gündəlik 140 m³ su tələbatı tam təmin ediləcək.

Qeyd edək ki, Ağdaş şəhərinin mövcud su təchizatı sistemi Türyançay çayının məcrasında yerləşən 8 ədəd subartezian quyusu hesabına həyata keçirilir. Şəhərin ümumi abonent sayı 8681-dir. Ümumi su şəbəkəsinin uzunluğu 175 km, magistral su kəmərinin uzunluğu 16,5 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 126 km təşkil edir.

Eyni zamanda 1 meydançada 2×5000 m³ həcmində su anbarı kompleksi istismar olunur. Rayon üzrə 31 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 3 kəndə paylayıcı şəbəkə (796 abonent), 3 kəndə ictimai bulaq, 25 kəndə isə modul tipli sutəmizləyici qurğu vasitəsilə su təchizatı xidməti göstərilir.

2026–2027-ci illər ərzində Ləki qəsəbəsi və Nehrəxəlil kəndində mövcud su təchizatı sisteminin genişləndirilməsi məqsədilə layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin icrası nəzərdə tutulur. Eyni zamanda Qolqəti və Yenicə kəndlərində yeni su təchizatı sisteminin yaradılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işləri planlaşdırılır. Binələr, Davudlu, Cardam və Kotanarx kəndləri üzrə yeni su təchizatı sisteminin yaradılmasına dair layihə-smeta sənədləri artıq hazırlanıb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial