Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb İqtisadiyyat

Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb

2025-ci ildə Orta Dəhliz üzrə Gürcüstan ərazisindən konteyner daşımalarının həcmi 33 faiz, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu vasitəsilə yük dövriyyəsi isə təxminən altı dəfə artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən Gürcüstan-Türkmənistan biznes forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Türkmənistan bir-biri üçün sadəcə ticarət tərəfdaşları deyil, Avropa ilə Asiya arasında mühüm körpülər rolunu oynayan ölkələrdir.

"Biz regional bağlılığın və beynəlxalq ticarətin gücləndirilməsində ortaq maraqları bölüşürük. Bu ortaq strateji üstünlüklərə əsaslanaraq biz Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstan Orta Dəhlizi daha sürətli, səmərəli və rəqabətli etmək üçün nəqliyyat və logistika infrastrukturunu gücləndirməyə davam edir.