Övladlığagötürmə sahəsində rəy və təklifləri öyrənilir Hadisə

Övladlığagötürmə sahəsində rəy və təklifləri öyrənilir

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrup BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) əməkdaşları, aidiyyəti QHT-lərin rəhbərləri ilə görüş keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşün əsas məqsədi övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı məlumatların verilməsi, bu sahədə rəy və təkliflərin öyrənilməsi olub.
İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin mütərəqqi dünya təcrübəsinə uyğun müasir və təkmil səviyyədə, innovativ əsaslarda və şəffaf şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi sahəsində humanist təşəbbüs və layihələrini qeyd edib. Nazir müavini övladlığagötürmə sahəsində qurulacaq yeni idarəetmə modelinin övladlığa götürülən uşaqların mənafelərinin üstün tutulması, onların gələcək layiqli həyatının təmin edilməsi prinsipinə əsaslanacağını önə çəkib.
İşçi qrupun üzvü, nazirliyin əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev dövlət başçısının Fərmanı ilə övladlığagötürmə sahəsində nazirliyə verilən səlahiyyət və tapşırıqlar barədə məlumat verib və onların icrası sahəsində aparılan işlərə, hazırlanan yeni idarəetmə modelində övladlığagötürmə prosesinə dair təqdimatla çıxış edib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov, UAFA-nın nümayəndəsi, Birləşmiş Krallığın uşaq müdafiəsi üzrə sosial iş üzrə lisenziyalı mütəxəssisi Co Şat, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Umid yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin sədri Nigar Mənsimova və başqaları çıxış edərək övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin hazırlanması ilə əlaqədar rəy və təkliflərini bildirib, nazirliyin ictimai iştirakçılıq müstəvisində bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını müsbət dəyərləndiriblər.