UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə edilib Hadisə

UNEC-də qış imtahan sessiyasının nəticələri müzakirə edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın növbəti iclası keçirilib. İclasda UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər. UNEC-dən bildirilib ki, iclasda rektor Ədalət Muradov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayaraq, onun dəyişməz qalacağını diqqətə çatdırıb. Rektor 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının nəticələrinin qənaətbəxş olduğunu deyib.
Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. Bildirilib ki, imtahan sessiyasında 11746 bakalavr və 2280 magistr iştirak edib. İmtahanlar həm yazılı, həm də test üsulu ilə keçirilib. Universitet üzrə müvəffəqiyyət göstəricisi 82 faiz olub. Bakalavr pilləsi üzrə ən yüksək göstərici (95 faiz) Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Prorektor ötən illərlə müqayisədə əla qiymət alan tələbələrin sayında böyük artım olduğunu, 34 nəfər Prezident təqaüdçüsünün hər birinin bu adı qoruya bildiyini deyib. O, imtahan sessiyasında tətbiq olunan yeniliklərdən də danışıb. Bildirilib ki, müvafiq fakültələrdə "iqtisadiyyata giriş", "makroiqtisadiyyat", eləcə də texniki və texnoloji ixtisaslar üzrə ixtisas fənlərindən imtahanlar yazılı formada, marketinq və mühasibat uçotu fənlərində isə yenilənmiş vahid sillabus əsasında test suallarının məxfi saxlanılması şərti ilə keçirilib. İmtahan sessiyasında tətbiq olunan daha bir yenilik isə imtahanların təşkili və nəzarətin həyata keçirilməsinin fakültələrə həvalə edilməsi ilə bağlı olub.
UNEC İctimai Nəzarət Şurasının koordinatoru, "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev şura üzvlərinin artıq 3 ildir ki, universitetdə imtahanlara nəzarət etdiklərini xatırladıb. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan şura üzvlərinin "Açıq qapı" keçirdiyinə, "Qaynar xətt" xidmətinin KİV-lərə həvalə olunduğuna diqqət çəkən E.Əliyev tələbələr arasında keçirdiyi anonim rəy sorğusunun nəticələrini də açıqlayıb. Bildirib ki, sorğuda respondentlərin böyük əksəriyyətinin imtahanların təşkili, obyektivliyin təmin olunması, sualların keyfiyyəti, eləcə də tədris olunan mövzularla uyğunluğu, tələbə məmnuniyyəti ilə bağlı münasibətləri müsbət olub. O, UNEC-in ötən illə müqayisədə qarşıya qoyduğu hədəfə doğru daha inamla irəlilədiyini vurğulayaraq, belə bir şəffaf mühitdə savadlı mütəxəssislərin hazırlanacağına əminliyini ifadə edib.