Tibbi-Sosial Ekspert Komissiyalarına müasir şərait yaradılır Hadisə

Tibbi-Sosial Ekspert Komissiyalarına müasir şərait yaradılır

Süründürməçilik halları aradan qalxa bilər

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Hazirliyin məlumatına əsasən, bu istiqamətdə ilk tədbir kimi, iyulun 24-də ƏƏSMN-nin (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-nin əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışı olub. Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. Hazırda ƏƏSMN-nin bütün bölgələr üzrə TSEK-lərinin fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb. Nazir tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacağını bildirib: "Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq. Hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır".
S.Müslümov eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə də müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib: "Nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır. Lakin bununla belə nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu ilk addımdır və hesab edirəm ki, yaxın vaxtlarda bu proses də uğurla başa çatdırılacaq".
Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olub, aparılan müayinələrindən bir neçəsini izləyiblər.