Ermənistan atəşkəsi niyə pozur? Hadisə

Ermənistan atəşkəsi niyə pozur?

Arzu Şirinova

Hə yaxşı ki, internet var və nə yaxşı ki, internetdən ölkədə, eləcə də dünyada baş verənləri təfsilatı ilə öyrənə bilirik. 8 hərbçimizin şəhid olması xəbərini elə internetdən saytlar vasitəsilə öyrəndim. Çünki hər zaman olduğu kimi, Azərbaycan televiziyalarında çal-oynasın idi. Sanki ölən övladlarımız onların müdafiəsi, vətənin qorunması və torpaq uğrunda həlak olmayıblar...
...Məlumata görə, Ermənistan silahlı birləşmələri avqustun 1-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalarda Azərbaycan ordusunun 8 hərbçisi şəhid olub. Məlumatda daha sonra bildirilir ki, Azərbaycan Müdafiə Hazirliyi itkilərin sayını dəqiqləşdirir...
...Bəli, elə bir gün olmur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində atəşkəsi pozaraq gərginliklik yaratmasınlar. Hər dəfə də uydurduqları yalanları dövriyyəyə buraxırlar və bildirirlər ki, atəşkəsin pozulması Azərbaycan ordusunun günahı üzündən baş verir.
Əslində Ermənistanın atəşkəsi pozması, dünən də beləydi, bu gün də belədir, daxili ictimai rəyə hesablanıb. Özlərinin bəyan etdiyi faktlara görə, Ermənistanın iqtisadiyyatında 20 faizdən artıq geriləmə var, insan resursları ilbəil azalır, əhalinin artımı xeyli aşağı düşüb, ordusunda fərarilik getdikcə artır. Bir neçə ildən sonra Ermənistan ordusuna çağırış belə, problem olacaq. Ermənistan bir dövlət olaraq regional layihələrədən kənarda qalıb. Xarici siyasətdə artıq beynəlxalq aləm işğal amilini açıq kontekstdə dilə gətirir. Bir müddət əvvəl Ermənistan çalışırdı ki, Azərbaycanın Türkiyə ilə münasibətlərini korlasın. Amma Azərbaycanla Türkiyə arasında olan münasibətlər artan xətt üzrə davam edir və bu münasibətlərə əngəl olmaq, üzərinə kölgə salmaq Ermənistanın aşacağı iş deyil. Ermənistan olsa-olsa suyu bulandırmaqla məşğul ola bilər ki, çox az keçməmiş bulanan sular durulur və adətkərdəyə yeri göstərilir...
...Ermənilər hər dəfə atəşkəsi pozmaqla istəyirlər ki, beynəlxalq aləmdə çaşqınlıq yaratsınlar. Yuxarıda söylədiyim kimi, hər dəfə də bəhanə gətirirlər ki, atəşkəsi Azərbaycan pozur. Azərbaycan atəşkəsi pozmaqda maraqlı deyil. Azərbaycan atəşkəsi bir dəfə pozacaq. Ali baş komandanın əmri altında torpaqları işğaldan azad etmək əmri alanda. Çünki ərazi bütövlüyünü təmin etmək hər bir dövlətin haqqıdır. Sadəcə olaraq, Azərbaycan istəyir ki, problemi sülh yolu ilə həll etsin. Ermənistanda iqtisadi böhran, orduda problemlər dərinləşdikcə, iqtidar-müxalifət münasibətləri kəskinləşdikcə, Ermənistan hakimiyyəti atəşkəsi tez-tez pozur ki, diqqəti bu proseslərdən yayındırsın. Və belə bir xof yaradır ki, hər an müharibə başlaya bilər. Bunlar hamısı ucuz vasitələrdir və heç bir səmərə verməyəcək. Ermənistan gec-tez Azərbaycanın mövqeyi ilə razılaşmalıdır. Əgər razılaşmasa, Ermənistanın mövcudluğu sual altında qalacaq.
Artıq bu işartılar görünür. Ekspertlərin fikrincə, ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana ciddi təsir göstərəcək. Elə bu günlərdə Ermənistan İqtisadiyyat naziri Karen Çşmarityan məsələ ilə əlaqədar narahatlığını bildirib. Erməni nazir deyib ki, sanksiyalar siyahısına düşən və Ermənistanda da fəaliyyət göstərən Rusiya banklarının maliyyə akkumliyasiyasında ciddi problemlər yaranacaq. Maraqlıdır ki, ABŞ-ın Ermənistandakı səfiri də bunun ardınca həyacan təbili çalıb. Eyni zamanda, bildirib ki, rəsmi İrəvan sanksiyalara hazır olmalıdır.
Yuxarıda sadaladığım faktların üzərinə bu da əlavə olunur ki, Ermənistan silahlı birləşmələri nədən atəşkəs rejimini pozurlar və diversiya törətməyə əl atırlar. Ermənistan həm də atəşkəs rejimini ona görə pozur ki, Gömrük İttifaqına qoşulmaq məsələsində kənarda qalıb. Ermənistanda şikayətlənirlər ki, Qarabağ məsələsi ölkənin Gömrük İttifaqına üzvlüyünə mane olur. Çünki Azərbaycan Qazaxıstan vasitəsilə Ermənistanın üzvlük prosesini əngəlləyir. Məsələ ondadır ki, Ermənistan Gömrük İttifaqına üzv olsa, onun Azərbaycanla sərhədlərində də gömrük postu qoyulmalıdır. Deməli, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağla sərhəddə gömrük postu yerləşdirərək öz sərhədlərini Qarabağ separatçılarına faktiki bağlamalı olacaq. Çünki Gömrük İttifaqı ölkələri ittifaqın sərhədlərinin Ermənistanın işğal altında saxladığı əraziləri də əhatə etməsini tanıya bilməz. Ermənistan isə israr edir ki, Qarabağla sərhəddə gömrük postu qoymaq niyyətində deyil. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə kimi İrəvandan bu məsələyə birmənalı aydınlıq gətirilməsini istəyir.
Xatırladım ki, məlum müzakirələrdə Qazaxıstan prezidenti Hursultan Hazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu diqqədə çatdırmışdı:"Biz Azərbaycan prezidentindən məktub almışıq ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına üzvlüyün ancaq Ermənistanın BMT tərəfindən tanınmış ərazilərinə aid olduğu barədə xüsusi şərtlə bu təşkilata üzv olub".