Erməni katolikosu “sülhsevər” cildinə girib Hadisə

Erməni katolikosu “sülhsevər” cildinə girib

II Qareqin Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Bütün ermənilərin katolikosu II Qareqin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb.
APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi xəbərə görə, Qareqin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.
Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif, lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır: "Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, onun həyata olan haqqı da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir. Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz".
QMİ-nin mətbuat xidmətindən isə bildirilib ki, Şeyxülislam özü də məktub barədə yalnız mətbuatdan tanış olub və rəsmi olaraq belə bir məktubu hələ ki almayıb: "Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin Katolikosu II Qareginin haqqında danışılan məktubunu almayıb. Əgər belə bir məktub idarəyə daxil olarsa, o zaman Allahşükür Paşazadə öz mövqeyini bildirəcək.