“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir” Gündəm

“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”

“İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün müvəqqəti marşrutun yaradılması ilə bağlı razılaşma Hörmüzdə azad naviqasiyanı əks etdirmir. Çünki Körfəz Ərəb ölkələrində azad naviqasiyanın tətbiq olunması ilə bağlı görüş keçiriləcəkdi. Göründüyü kimi bu, başqa tutmadı, amma ikitərəfli Oman və İran arasında razılaşma o demək deyil ki, İran Hörmüzdə tamamilə azad keçidə icazə verəcək, Hörmüz boğazı əvvəlki statusuna keçəcək. Yəni bu olmayacaq. Çünki İran tərəfi ABŞ, İsrail üçün demək olar ki, boğazları bağlayıb və digər Ərəb ölkələri üçün də bu məhdudiyyətlər tətbiq olunub”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

O hesab edir ki, hazırda ABŞ ilə davam edən hərbi eskalasiyanın başa çatmaması və yekun razılaşma olmamasına görə Hörmüz boğazı ilə bağlı məsələ də həll olunmamış qalacaq: “Amma İranın bu qərarı da müəyyən bir pozitiv məqamdır, ABŞ-nin mövqeyində də müsbət korrektələrə gətirib çıxara bilər. Mən düşünürəm ki, İran tərəfi də artıq müəyyən razılaşmalara getmək məcburiyyətindədir. Çünki iqtisadiyyatına vurulan zərbələr, həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə də eskalasiyanın artıq geridə qalması, prezidentlərin görüşü, İranın bir növ Birləşmiş Ərəb Əmirlikləri üzərində idxal-ixrac əməliyyatlarını da aparması iqtisadiyyatına müəyyən bir stimul verəcək. Ona görə də Hörmüz boğazı ilə bağlı bu razılaşmanın əldə olunması müəyyən məhdudiyyətlərin qaldırılmasına da kömək edəcək”.

Röya İsrafilova