Təhsil Nazirliyində Sverdlovsk vilayətinin təhsil naziri ilə görüş Hadisə

Təhsil Nazirliyində Sverdlovsk vilayətinin təhsil naziri ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə məlumat verib. Nazir müavini son 15 ildə ölkəmizdə 3 min 200-dən artıq ümumtəhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, məktəblərin maddi-texniki bazalarının yeniləndiyini vurğulayıb. O bildirib ki, müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb, onların diaqnostik qiymətləndirilməsi aparılıb və bu qiymətləndirilmədən müvəffəqiyyətlə keçən müəllimlərin maaşları artırılıb.
Azərbaycanda rus dilində fəaliyyət göstərən və tərkibində rus bölməsi olan məktəblər haqqında məlumat verən nazir müavini hər il rus dili fənni üzrə olimpiadanın uğurla keçirildiyini qeyd edib. F.Qurbanov ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurlu fəaliyyətindən də danışıb. Nazir müavini Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, bir çox istiqamətlər üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə həyata keçirilən layihələrlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.
Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri Yuri Biktuqanov Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. O, Sverdlovsk vilayətində yerləşən ali təhsil müəssisələri ilə ölkəmizin universitetləri arasında səmərəli dialoqun aparıldığını və artıq qarşılıqlı əməkdaşlıq haqqında bir neçə sənədin imzalandığını qeyd edib.
Rusiyanın Ural Federal Universitetinin rektoru Viktor Kokşarov, Rusiya Dövlət Peşə-Pedaqoji Universitetinin rektoru Yevgeniy Dorojkin və Ural Dövlət Rabitə Xətləri Universitetinin nümayəndəsi Çingiz Lətifov təmsil etdikləri ali təhsil müəssisələri barədə geniş məlumat veriblər. Daha sonra müştərək təşəbbüslərin irəli sürülməsi və icra edilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.