Masallıda üç yeni məktəb binası istifadəyə verilib Hadisə

Masallıda üç yeni məktəb binası istifadəyə verilib

Sentyabrın 16-da yeni dərs ilinin başlanması ilə əlaqədar Masallı rayonunda üç yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Masallı rayonunun Gəyəçöl kəndindəki şəhid Nicat Həsənov adına tam orta məktəbin yeni binasının açılışı olub. Açılış mərasimində çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. Bildirib ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkəmizdə 84 məktəb binası inşa edilib. Son illər Masallı rayonunda isə 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin ixtiyarına verilib.
Fərzəli Qədirov mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb. Kənd ağsaqqalı Vaqif Şükürov, gənc müəllim Kübra Həsənova, valideyn Fəridə Aslanlı Masallı təhsilinə göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra sinif otaqlarına baxış keçirilib. İnşasına ötən ilin avqustundan başlanılan ikimərtəbəli yeni məktəb binası 264 şagird yerlik üç korpusdan ibarətdir. Müasir tələblər əsasında tikilən məktəb binasında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılıb. Ümumilikdə 35 otaqdan ibarət olan məktəbdə 11 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək.
Daha sonra rayonun Yavər Ağayev adına Bala Təklə (96 şagird yerlik) və Şıxlar 2 nömrəli (56 şagird yerlik) ümumi orta məktəbləri üçün tikilmiş modul tipli binaların açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini F.Qədirov son illər ölkəmizdə, eləcə də Masallı rayonunda yeni məktəb binalarının tikilməsini və əsaslı təmir olunmasını diqqətə çatdırıb, təhsildə keyfiyyət göstəricilərinin yüksəlməsini bu vacib sahəyə dövlət qayğısının real nəticəsi kimi qiymətləndirib. O, yeni məktəblərdə uğurların daha da artacağına əminliyini ifadə edib. Çıxış edən valideyn və müəllimlər yeni tikilən təhsil ocaqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda məktəb binaları ilə tanışlıq olub.