Müdafiə Nazirliyindən Sərkisyanın təhdidinə cavab Hadisə

Müdafiə Nazirliyindən Sərkisyanın təhdidinə cavab

"Bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcək"

"Ermənistan ordusunun təchizatında olan köhnə "Skad" tipli raketlər heç havaya qalxmaq belə imkanına malik deyil"

"Azərbaycan Respublikasına ancaq düşmən münasibətdə olan qurumun başçısı Serj Sərkisyanın "armnews" informasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir".
Bu açıqlama ilə Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.
Müdafiə Nazirliyi bildirib ki, Xocalının, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən, onun ətrafındakı yeddi rayonun yaşayış məntəqələrində törətdiyi cinayətlərdə günahsız insanların qanına əli batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcək.
"Azərbaycan dövləti yalnız öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Serj Sərkisyanın dediyi ballistik raketlərə gəlincə isə qətiyyətlə bəyan edirik ki, Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skad" tipli raketlər nəinki hər hansı bir obyekti məhv etməyə, heç havaya qalxmaq belə imkanına malik deyil.
Əgər bu prosesdə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan ordusu Ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcək.
Serj Sərkisyanın öz müsahibəsində söylədikləri Ermənistan dövlətinin və onun hərbi-siyasi cinayətkar rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə Ermənistan dövlətinin süqutuna və tam məhvinə səbəb olacaq".