"Öz potensialını üzə çıxarmaq üçün ədalətli rəqabət mühiti olmayanda, yorulursan" Hadisə

"Öz potensialını üzə çıxarmaq üçün ədalətli rəqabət mühiti olmayanda, yorulursan"

ELÇİN MİRZƏBƏYLİ: "YORULMAQ ÜÇÜN SƏBƏB ÇOX OLSA DA, PRİNSİPLƏRİMƏ VƏ XARAKTERİMƏ UYĞUN OLARAQ YOLUMA DAVAM EDİRƏM VƏ HƏR GÜN YENİDƏN DOĞULURAM"

Müsahibimiz "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, şair, publisist Elçin Mirzəbəylidir.

- Elçin bəy, sizin təqdimata ehtiyacınız yoxdur, bəllidir. Həm ictimai-siyasi xadim, həm də şair kimi tanınırsınız. Hansı yöndə tanınmaq sizi yorur?

- Nə ictimai-siyasi fəaliyyət, nə jurnalistika, nə də ədəbiyyat sahəsində fəaliyyət göstərmək və tanınmaq məni yorur. Ümumiyyətlə, insanın bu və ya digər sahədə tanınmasının birbaşa onun yorulması ilə hər hansı bir əlaqəsi yoxdur.

Məni yoran ətrafımda baş verən, qəbul edə bilmədiyim, barışmadığım məqamlardır. Cəmiyyətin mizan tərəzisi əyiləndə, insanın öz potensialını üzə çıxarmaq üçün ədalətli rəqabət mühiti olmayanda, layiq olduğunu qanunlara və dəyərlərə sayğı göstərərək əldə edə bilməyəndə, başqa yolu isə məqbul saymayanda, təbii ki, yorulursan. Ömrünün 30 ilini canın qədər sevdiyin Vətənin və xalqın inkişaf səviyyəsinin yüksəlməsinə, İstiqlal və Azadlıq ideallarının dərk olunmasına sərf edəndə və gözlədiyin nəticəninin heç onda birini də əldə edə bilməyəndə yorulursan. Yəni yorulmaq üçün səbəb çoxdur, amma sadalamaq istəmirəm. Sadəcə, prinsiplərimə və xarakterimə uyğun olaraq, yoluma davam edirəm və hər gün yenidən doğuluram.

- Mən sizin siyasi xadim olduğunuzu biləndə öz-özümə sual verdim, necə olur ki, bu adamın həm də şair qəlbi var? Yaradıcı insanlar, adətən, dərviş həyatı yaşayar, öz dünyalarını yaradıb ona qısılar. Sizdə bu vəhdət necə alınır?

- Yaradıcı insanların dərviş həyatı yaşaması barədə deyilənlər doğru deyil. Yaradıcı insan obrazı ilə görüntülənmək, yaradıcı insan kimi görünməklə yaradıcı insan olmağın arasındakı məsafə maska ilə gerçək simanın arasındakı məsafə qədərdir. Ola bilsin ki, kimlər üçün isə "dərviş" obrazında görünmək daha rahatdır. Ailə və cəmiyyət qarşısında heç bir məsuliyyət daşımırsan, vətəndaş mövqeyin olmur, öz həyatını yaşayırsan və adını da qoyursan "yaradıcı adam". Mən belə həyat arzulamıram. Cəmiyyətin intellektual və mədəni səviyyəsinin yüksəldilməsi, insanların öz istedad və bacarıqlarına uyğun olaraq layiqli həyat yaşaması üçün bacardığımı edirəm. Mən hər şeydən öncə insanam, vətəndaşam. Ədəbiyyat da, jurnalistika da, siyasət də bütün bunlardan sonra gəlir.

Siyasət, jurnalistika və ədəbiyyat arasındakı vəhdətə gəldikdə isə, düşünürəm ki, heç vəhdətə ehtiyac da yoxdur. Hər birinin öz yeri var.

- Çətin deyil balansda saxlamaq?

- Əgər birini digərinə alət etmirsənsə, çətin deyil.

- Şeir mənə görə, yaşamadığın hadisəni belə sənə yaşatmalıdır. Sanki oxuduğun müəllifin ağrısı deyil, sənin illərlə bəslədiyin ağrıdır. Sizin şeirlərdə bu var. Oxucuları dərdinizə şərik etmək sizi sevindirir, güman ki...

- İnsan doğulduğu gündən özünü və ətrafını dərk etməyə çalışır. Gerçək yaradıcı adamı başqalarından fərqləndirən əsas cəhət başqalarının ağrılarını hiss etməsi və yaşamasıdır. Bu baxımdan mən oxucuya öz dərdlərimi yox, hamının ortaq dərdlərini danışıram. Beləliklə, başqalarının dərdinə şərik oluram.

- Şeirlərinizdə ilahiyə çox müraciət edirsiniz. Tanrı Elçin Mirzəbəyliyə yardımçı ola bildimi?

- Başqa hansı ünvana müraciət etməliyəm ki? Tanrı ilə danışmaq çox rahatdır. Səni eşidir, dərdlərinə şərik olur və səndən heç bir təmənnası yoxdur. Mənim üçün Tanrı ən demokratik, ən azadfikirli bir ünvandır. Tanrı sevgidir və Onun böyüklüyünü dərk etdiyim üçün də yalnız və yalnız Ona müraciət edirəm. Amma yardım üçün yox, dərdləşmək üçün.

- "Üfüqdə Tanrının qətliamıdır"... Tanrını kimlər qətl etdi, Elçin bəy?

- Bu suala ətraflı cavab vermək üçün bir ömür vaxt lazımdır. "Üfüqdə Tanrının qətliamıdır" sözlərini yazmaq üçün də həmçinin, bütün dini-fəlsəfi cərəyanların içindən keçib Tanrının böyüklüyünü dərk edə bilməli və Onu öz düşüncəndə dinlərin, məzhəblərin, təriqətlərin buxovlarından azad etməlisən. "Üfüqdə Tanrının qətliamıdır" zaman-zaman tapındığımız dəyərlərin qətlə yetirilməsidir. Kəbədə bütlər sındırılanda onlara tapınanların "tanrıları" qətlə yetirilmişdi. Onların "tanrı" haqqında düşüncələri, bu düşüncədən doğan həyat tərzləri, münasibətlər sistemi məhv edilmişdi. Əvəzində boyük bir boşluq yaranmışdı. Bu boşluq, heç şübhə etmirəm ki, hər yeni din gələndə, yaxud məzhəb və təriqət ortaya çıxanda yenidən yaranıb və həmin dövrdə yaşayan insanların təfəkkürlərinin üfüqində onların "Tanrı" deyib tapındıqları dəyərlər sistemi "qətlə yetirilib". Yenisinin bu boşluğu doldurmasına isə nə qədər zaman və insan taleyi qurban verilib.

- Siyasi görüşlərinizi əks etdirən statuslarınızda, yazılarınızda aktiv gənc publisist, şeirlərinizdə isə illərdən yorğun düşmüş bir obraz var. Əsl Elçin Mirzəbəyli hansıdır?

- Statuslar bu və ya digər hadisəyə ani reaksiyadır. Mən peşəkarlıqdan və təvəzökarlıqdan uzaq görünsə də, öz yolu, öz üslubu, yanaşma tərzi və fəlsəfəsi olan publisistəm. Şeirlərimdə isə mənim yox, cəmiyyətin yorğunluğu var, həm də bir neçəsində. Əsl Elçin Mirzəbəyli imzamın olduğu hər yerdə var: İnsan kimi, vətəndaş kimi.

- Bir az da sənət-şəxsiyyət məsələsinə toxunmaq istəyirəm. Ramiz Rövşən şəxsiyyəti yüksək adamların sənəti də yüksəkdir deməklə sənətlə şəxsiyyəti eyniləşdirirdi. Amma çoxu bu fikri inkar edirdi. Sizcə necə, şəxsiyyət sənətə təsir edirmi?

- İstənilən müqayisə subyektivdir. Şəxsiyyət amili çox önəmlidir, şübhəsiz. Amma burada resept yoxdur. O qədər istedadlı, intellektual əclaf tanıyıram ki... Digər tərəfdən, ədəbiyyat təkcə ani hisslərin, duyğuların, ovqatın məhsulu deyil. Yaradıcı adamın düşüncəsi, intellekti və hətta daxili mədəniyyəti belə onun yaradıcılığında özünü büruzə verir. Digər tərəfdən, yaradıcı insanlara hər kəs öz baxış bucağından yanaşır. Əksər hallarda dəyərləndirmə görünən, yaxud təqdim edilən portret cizgiləri əsasında olur. Yüksək ədəbiyyatın təməlində yüksək mədəniyyət, yüksək intellekt və genetik kodlar dayanır...

- Rəşad Məcidin doğum gününə həsr etdiyiniz məqalədə ona yazdığınız "Kabus qatar" şeirinizi özü sizdən istədiyini qeyd etmisiniz. Siz də "baş üstə, yazacağam" demisiniz. Adətən, şairlərə kənardan bu mövzuda yaz deyə səslənəndə onların azad ruhu imkan vermir ki, yazdığı yazı qəlbə toxunsun. Sizdə əksinə alınıb. Ayrılıq həsrətini hamımıza çəkdirdiniz. Güman ki, Rəşad Məcid sizdən belə bir şeir istəməmişdən siz də onu yazmağı düşünürdünüz. Yoxsa necə səmimi alınardı?

- "Kabus qatar"da mən də Rəşad Məcid və Akif Aşırlı ilə birlikdə idim, amma ruhən. Ona görə ki, mən də ağdamlıyam, şuşalıyam, laçınlıyam.., zəngəzurluyam, irəvanlıyam.., təbrizliyəm, zəncanlıyam... Ruhən Bütöv Azərbaycana aid olduğum üçün itirdiyimiz və işğal altında olan torpaqlarımızın hər parçasını, bu torpaqlara bağlı olan insanların ağrılarını öz ağrım kimi hiss edirəm. Burada qəribə heç nə yoxdur.

- Elçin Mirzəbəylini danışdıran nə olur?

- Danışmaq istəyi.

- Həyatınızın müəyyən mərhələsində fikirlərinizi yonan, həyatınıza ciddi təsir edən əsər olubmu?

- Təxminən 5 yaşımdan bacılarımın sayəsində oxumağı, yazmağı öyrənmişəm. O gündən bəri oxuyuram - Ellin mədəniyyətinin yaratdığı böyük mədəniyyətin ədəbiyyatdakı təzahürlərindən Nəsimiyə, Sartra, Belinskiyə, Andreyevə, Çexova, Kanta, Nitşeyə, Freydə... kimi. Hər gün oxuyuram və öyrənirəm.

Amma həyatımı dəyişən Miloş Formanın "Amadey" filmi olub. Bu filmə ilk dəfə 1991-ci ilin yanvarında baxmışam. Sankt-Peterburqdan Bakıya gəlmək üçün təyyarə bileti almışdım. Həmin dövrdə təyyarə Bakıya gecə saat 3, yaxud 4-də uçurdu. Film məni o qədər sarsıtmışdı ki, uçuş vaxtını belə unutmuşdum.

O film bütün dövrlərin dahi bəstəkarı Motsartın filmdəki obrazının timsalında mənə anlatdı ki, nə qədər böyük istedad olursansa ol, özünü qorumaq üçün zirehin yoxdursa, hər kəs səni tərk edəcək, cəsədini yağışlı bir gündə tələsik su ilə dolu çalaya atıb üzərini torpaqlamağı belə qəbirqazanların vicdanına buraxacaqlar. Ona görə də, güclü olmaq və insanları öz həyatına buraxmamaq lazımdır.

- Gənc yazarlardan kimi bəyənirsiniz?

- Plagiatla məşğul olmayan, öz yolunu axtaran hər kəsi. Sayları çoxdur, bu səbəbdən də adlarını sadalamaq istəmirəm.

- Elçin Mirzəbəyli yol ayrıcında qalsaydı, işıq gələn tərəfi seçərdi, ya it hürən tərəfi?

- İt hürən tərəfi. İt hürən tərəfdə həmişə insan olur.

- Mən sizə vaxt ayırıb səmimi söhbətinizə görə, təşəkkür edirəm. Oxucularınızı görüşünüzə ümidləndirmək istərdinizmi?

- Mən də təşəkkür edirəm. Yeni kitabım təxminən 1 ay olar ki, hazırdır. Kitabın adı mənim üçün önəmli olduğu üçün çoxsaylı variantların arasından hələ ki, seçim edə bilməmişəm. Kitab hazır olduqdan sonra hər kəsi imza gününə və təqdimata dəvət edəcəyəm. Görüşərik, sağlıq olsun.

Vüsalə SELCAN